12:38, 09 Yanvar 2021 (Şənbə) 117

Trampın administrasiyası: “Bizi susdura bilməzsiniz!”

Trampın administrasiyası: “Bizi susdura bilməzsiniz!”
Donald Tramp
FOTO: nbcnews.com
 
Donald Tramp Сo Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.

Hazırkı prezident bu barədə öz "Tvitter” səhifəsində yazıb.

"Məndən bu barədə soruşanlara cavab verirəm: 20 Yanvarda keçiriləcək andiçmə mərasimində iştirak etmək niyyətində deyiləm”.

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden də Donald Trampın onun andiçmə mərasimində iştirak etmək istəməməsindən məmnun olduğunu bildirib.

TASS agentlyi xəbər verir ki, C.Bayden bu barədə Delaver Ştatında çıxış edərkən bildirib.

Siyasətçi əlavə edib ki, xüsusi xidmət orqanlarının fəaliyyətinə tam etibar edir və andiçmə mərasiminin təhlükəsiz şəraitdə baş tutacağına əmindir.

"Tvitter" Trampın hesabını birdəfəlik dondurub

" "@RealDonaldTrump” hesabının son yazılarını və onu əhatə edən konteksti diqqətlə nəzərdən keçirdikdən sonra şiddətə təhrikin bundan sonra da davam etmə riski səbəbindən hesabı həmişəlik dondurduq. Bu həftənin dəhşətli hadisələri fonunda "Tvitter” qaydalarının pozulmasının belə nəticələnə biləcəyini açıq şəkildə bildirmişdik” deyə, sosial şəbəkənin mesajında ​​bildirilir.

"Tvitter” heç bir hesabın qaydalardan daha ali olmadığını və platformanın şiddətə təhrik etmək üçün istifadə edilə bilməyəcəyini xatırladıb.

Məlumatda o da bildirilir ki, "Tvitter”də və başqa şəbəkələrdə yanvarın 17-də iğtişaşlar və hücumlara dair təkliflər də daxil olmaqla, gələcəkdə silahlı etiraz planları yayılmağa başlayıb. 

Trampın qərargahının da hesabı bloklanıb 

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp "Tvitter” hesabının həmişəlik bloklanması ilə əlaqədar vəziyyəti qiymətləndirib.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

"Siz bizi susdura bilməzsiniz!” deyə, Trampın administrasiyası tərəfindən yayımlanan bəyanatda qeyd edilib.

Bu mesaj həmçinin dövlət başçısının rəsmi hesabında da paylaşılıb, daha sonra "Tvitter” dərhal bu ismarıcı da silib.

"Bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq” deyə, Tramp yazıb.

Onun sözlərinə görə, bu sosial şəbəkə söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir. Tramp həmçinin "Tvitter”i demokratlar və "radikal sol”la işbirliyində günahlandırıb.

Trampın qərargahı "Tvitter" hesabın həmişəlik dondurulmasına etiraz olaraq sosial şəbəkənin loqotipinin qırmızı rəngli, üzərində oraq və çəkic olan variantını (kompozisiya SSRİ-nin bayrağını xatırladır) paylaşıb. Bundan sonra şirkət qərargahın da hesabını bloklayıb.
FOTO: "Tvitter" 

Rusiya sosial şəbəkələrindən Trampa təklif 

Sosial Şəbəkələr və Messencerlərin Peşəkar İstifadəçiləri Birliyi (APPSIM) "Tvitter”, "Feysbuk”, "İnstaqram” və "Tviç”də hesabları bloklanan ABŞ Prezidenti Donald Trampa Rusiyanın sosial şəbəkələrinə keçməsini təklif edib.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Assosiasiyanın rəhbəri Vladimir Zıkov bəyan edib.

"Sizi "VKontakte” (vk.com) və ya "Odnoklassniki” (ok.ru) sosial şəbəkələrində hesablar yaratmağa dəvət edirik. Bunlar dünyanın ən yaxşılarından sayılan rusiyalı tərtibatçılar tərəfindən yaradılıb və Avropanın  ən böyük sosial şəbəkələrindəndir. Ayrıca alternativ olaraq "Teleqram” messencerində (telegram.org) və ya ICQ-də (icq.com) qeydiyyat təklif edə bilərik”, - deyə qurumun nümayəndələri Trampa ünvanladıqları məktubda bildiriblər.

Zıkov həmçinin Assosiasiyanın əvvəlki sosial şəbəkələrdən bütün postlarının köçürülməsi, həmçinin hesabın verifikasiyası və yeni abunəçilərin cəlb edilməsi ilə bağlı Trampa kömək etməyə hazır olduqlarını əlavə edib.

O vurğulayıb ki, qanunvericiliyi pozmayan postların bloklanması demokratiya prinsiplərinə ziddir.