13:48, 09 Yanvar 2021 (Şənbə) 77

Tramp özü-özünü əfv etmək istəyib

Tramp özü-özünü əfv etmək istəyib


/ DÜNYA
Donald Tramp
FOTO: dw.com
 
Donald Tramp prezident müddətinin bitməsinə qədər özü-özünü əfv etməsinin mümkünlüyünü köməkçiləri ilə müzakirə edib. Bunu "Nyu-York Tayms” qəzeti öz mənbələrinə istinadən yazıb.

Müzakirələrin gedişindən xəbərdar olan iki mənbənin qəzetə verdiyi məlumata görə, noyabr seçkilərindən sonra Tramp özü-özünü əfv etməsini nəzərdən keçirdiyini bir neçə dəfə köməkçilərinə söyləyib, bu barədə onların fikrini soruşub və belə qərarın mümkün nəticələrilə maraqlanıb.

"Nyu York Tayms” xatırladır ki, ABŞ tarixində daha əvvəl heç bir prezident özünü əfv etməyib. Trampın belə bir addım atacağı təqdirdə məhkəmələrin həmin əfvi qanuni sayıb-saymayacaqları haqqında hüquqşünasların rəyləri haçalanır.  

Qəzetin yazdığına görə, prezident öz ailə üzvlərinin, yaxın silahdaşlarının, administrasiyasının müşavirlərinin və əməkdaşlarının əfvinin mümkünlüyünü də müzakirə edib. Ehtimal olunur ki, Tramp yeni prezidentin hakimiyyətə gəlməsindən sonra onlara qarşı cinayət işinin açılacağından ehtiyat edir.

Mənbələrin "Nyu-York Tayms”a dediyinə görə, Trampın komanda üzvlərinin çoxu ideyanın əleyhinə olub. Onlar əfvdən yararlanmaq cəhdinin günahların etirafı kimi qiymətləndiriləcəyini söyləyiblər.

Prezident əfvi yalnız federal səviyyədə keçərlidir və ştat səviyyəsində cinayət məsuliyyətindən azad etmir.

Donald Tramp dekabrın sonlarında başqaları ilə yanaşı özünün seçki qərargahının keçmiş rəhbəri, yalan ifadələr verməyə və qanunsuz lobbiçilik fəaliyyətinə görə məhkum olunan Pol Manafortu, qızının qaynatası, vergi cinayətlərinə görə məhkum olunan Çarlz Kuşneri, eləcə də prezident seçkilərinə Rusiya müdaxiləsi barədə cinayət işinin fiqurantlarını əfv edib.