15:04, 30 İyul 2019 (Çərşənbə axşamı) 131

"Turizm dövlətin və məmurların inhisarındadır" - Natiq Cəfərli

"Azərbaycanda turizmin çox problemi, bəlası var, amma ən ağır problem odur ki, turizm xalqın biznesinə çevrilməyib, kütləvi gəlir yeri olmayıb, rəqabətli mühit yaranmayıb. Bu səbəbdən də turistlərə, yumşaq desəm, normal münasibət də yoxdur".

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Gürcüstanda əhalinin 29%-i birbaşa turizmdən pul qazanır: "Gürcüstanda turizmin iqtisadiyyatda multiplikativ effekti də var, yəni yan sahələri də nəzərə alsaq, Gürcüstan əhalisinin 40%-dən çoxu turizmdən xeyir görür. Türkiyədə isə 2 mln. insan birbaşa turizm sektorunda çalışır, yan sahələri və multiplikativ effekti də nəzarə alsaq, daha 9 mln. nəfər (əsasən turizm mövsümündə) turistdən xeyir görür. Məhz buna görə həm Gürcüstanda, həm də Türkiyədə turizm ciddi inkişaf edib, edəcək".

Ekspert deyir ki, bizdə rəsmi rəqəmlərə görə turizm sektorunda cəmi 23 min insan çalışır, yan sektorları da nəzərə alsaq bu rəqəm maksimum 40 min ola bilər: "Yəni turizm sektoru da ya dövlətin, ya dövlət adı ilə məmurların, ya da məmurlara məxsus iri şirkətlərin inhisarındadır. Bu səbəbdən turizmin inkişafı ləng gedir, xalq bu sektordan birbaşa xeyir görmür və nəticə olaraq da multiplikativ effekt əvəzinə multfilm alınır".

Nərgiz Absalamova