14:07, 27 İyun 2019 (Cümə axşamı) 115

"Turizm sahəsində köklü islahatlara ehtiyac var”

"Turizm sektorunda vergi güzəştləri edilə bilər".

Bunu "Report”a Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
 
 
Kənan Qasımov 

O, turizm sənayesinin formalaşması barədə bir sıra sinifləşdirilmiş təkliflərin Vergilər Nazirliyinə təqdim olunduğunu bildirib: "Təkliflərdə turizm şirkətlərinin və otellərin həm vergilərdən azad olunması, bəzi hallarda subsidiyalara cəlb olunması məsələləri öz əksini tapıb. Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür". 

"Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlər üzərində həssaslıqla işləyirlər. Yəni hansı məsələlər ümumi dövlət prinsiplərinə uyğun gəlir, hansılar yox? Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümü vergilərin tətbiq edilməsi kimi məsələlər var. Vergilər Nazirliyi ilə danışıqlar aparılır və ilin sonuna qədər məsələlər həllini tapacaq", - Kənan Qasımov vurğulayıb. 

İqtisadçı ekspert Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, güzətlərin detalları hələ tam açıqlanmayıb.

Ekspertin fikrincə, güzəştlər hesabına dövriyyəni azı 2 dəfə artıra bilərlər: "Gürcüstan hökuməti bununla bağlı bu yaxınlarda qərar qəbul elədi. Turizm sahəsində çalışanlarla bağlı verdiyi güzəştləri tətbiq etdi. Ola bilər ki, ona bənzər güzəştlər olsun. Gəlir vergisi və fərdi  sahibkarların dövriyyəsi ilə bağlı yeni qərarlar verilə və müəyyən güzəştlər tətbiq oluna bilər. Amma bu o demək deyil ki, turizmdə olan problemlər bu güzəştlərlə öz həllini tapacaq. Yəni burada kompleks yanaşmaya ehtiyac var”.

O həmçinin qeyd edir ki, bu qərar insanların turizmə olan marağını artıra və bu sahədə biznes qurmalarına vasitə ola bilər: "Yəni belə bir marağın artmasına şahid ola bilərik. Amma turizm sahəsində o qədər köklü problemlər var ki, bunlar təkcə vergi güzəştləri ilə inkişaf etdirilə bilməz. Ən əsas problemlərdən biri də korrupsiya faktıdır. Ona görə də bu sahədə köklü islahatlara ehtiyac var”.

Lalə Möhsümova