18:32, 19 Sentyabr 2019 (Cümə axşamı) 52

Türk dünyasının xarici işlər nazirləri görüşüb

Türk dünyasının xarici işlər nazirləri görüşüb
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib.

"Report” xəbər verir ki, iclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Bu gün sözügedən iclas çərçivəsində TDƏŞ-in Avropa nümayəndəliyi açılıb.

"Budapeştdə Türk Şurasının Nümayəndəlik Ofisinin açılışı və Türk Şurasında müşahidəçi statusu Macarıstanın Türk Əməkdaşlıq Təşkilatları və üzv ölkələri ilə yaxın və hərtərəfli münasibətlər qurmaq qətiyyətini nümayiş etdirir" - bu sözləri  Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Türk Şurasının Avropanın ürəyində, Budapeştdə, Avropada tarixi Türk mövcudluğunun bərpası anlamına gələn Nümayəndəlik Ofisinin açılması böyük bir hadisədir və Avropada Türk dünyasının baxışını təqdim edən məhz Macarıstan olacaq: "Əminik ki, bu Ofis yalnız Macarıstan və üzv dövlətlər arasında davam edən əməkdaşlığın dərəcəsinin artırılması deyil, eyni zamanda Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsi mexanizmi kimi xidmət edəcək, həmçinin Avropa institutları və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayacaqdır.

Ötən Zirvə görüşündən bəri media və informasiya məsələlərinə məsul olan Nazirlərin toplantısı, Naxçıvanda Birinci Gənc Liderlər Forumu, Özbəkistan, Türkmənistan və Macarıstandan da diplomatların qatıldığı Gənc Diplomatların 6-cı Birgə Təlim Proqramı Azərbaycanda keçirilib.

Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvə toplantısı 15 oktyabr 2019-cu ildə Bakıda keçiriləcəkdir. Fürsətdən istifadə edərək 7-ci Zirvə görüşünə ev sahibliyi edəcəyimizdən böyük şərəf duyduğumuzu vurğulamaq istərdim, çünki bu toplantının Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsini xüsusi hadisə hesab edirik. Həmçinin Özbəkistan Respublikasının 7-ci Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü olmaq qərarı, eləcə də Zirvə ərəfəsində Macarıstanda Nümayəndəliyin açılması diqqətə layiq hadisələrdir.

İnanıram ki, bu hadisələr Türk Şurasının doğru yolda olduğunun göstəricisidir və Özbəkistan və Macarıstan təşkilatın tədbirlərində iştirak edən sonuncu ölkələr olmayacaqlar".