20:00, 18 İyul 2019 (Cümə axşamı) 107

“Türkiyə hakimiyyəti Ankara mərkəzli fəallıq niyyətindədir”

“Türkiyə hakimiyyəti Ankara mərkəzli fəallıq niyyətindədir”


/ DÜNYA
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Türkiyənin "F-35” proqramındakı fəaliyyəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada Türkiyənin "S-400” hava müdafiə sistemlərini alması səbəbindən "F-35” layihəsindən çıxarılması müddətinin başlandığı qeyd olunub.

Həmçinin bildirilib ki, Amerikanın "F-35” qırıcıları həmin təyyarələrin döyüş xüsusiyyətləri haqqında informasiya əldə etmək üçün nəzərdə tutulan Rusiyanın casus texnikası ilə yanaşı istifadə edilə bilməz: ""S-400” sistemlərinin tədarükü NATO-ya üzv olan ölkələrin Rusiyaya məxsus silah sistemlərindən istifadə etməməsi ilə bağlı öhdəliyini pozur”.

Pentaqonda keçirilən mətbuat konfransında danışan ABŞ Müdafiə Nazirliyi məsləhətçisi Ellen Lord deyib ki, ABŞ Türkiyənin strateji ortaqlığına hələ də çox dəyər verir.

NATO-nin baş katibi Yens Stoltenberq isə bildirib ki, Türkiyənin bu qurumda iştirakı və onların Türkiyə ilə əməkdaşlığı "F-35”lərdən daha dərin və əhatəlidir: ""S-400” məsələsinin əhəmiyyətini azaltmaq istəmirəm. Ancaq NATO müttəfiqi olaraq Türkiyə "S-400”lərdən daha əhəmiyyətlidir”.

Baş katib "S-400"lərə görə Türkiyənin NATO-dan çıxarılmasının gündəmdə olmadığını bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyindən isə deyilib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir.

"Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı məsələnin soyuq muharibə başa çatandan sonra Türkiyə xarici siyasətində ən ciddi qırılmalardan biri adlandırıb: "Amma bu tək qırılma deyil. Prosesə bir az uzun nəzər salanda görürük ki, Türkiyə soyuq muharibə dövründə və NATO-nun üzvü olduğu vaxtlarda  NATO ölkələri ilə problem yaşamışdı. Bunlar Kipr böhranına görə, Yunanıstanla dənizdəki adalara görə, eləcə də İraqın şimalında Amerika əsgərlərinin türklərin başına çuval keçirməsinə görə yaşanıb. Yəni bu ilk qırılma deyil, amma vacib hadisələrdən biridir. Burda Türkəyinin NATO mütəfiqlərindən müəyyən gözləntilərinin qarşılanmaması da rol oynuyur. NATO ölkələrinin terrorla mübarizədə Türkiyəyə kömək etməməsi və PKK-ya dəstək verməsi məsələsini də bura aid etmək olar. Eyni zamanda Türkiyə dünyaya 20 il əvvəlki  kimi baxmır. Türkiyə artıq şərqlə qərbin arasında körpü rolu oynamağa çalışır. Yəni qərb blokunun Rusiyaya ən yaxın cinah xətti yox, özü üçün mərkəzi mövqe rolu olan bir dövlət olmaq istəyir”.

"Burda Türkiyənin müəyyən qədər etirazları var, amma söhbət sadəcə əmtəə satışından getmir. Burda bir texnologiyanı birgə istehsal etməkdən və birgə istifadə etməkdən söhbət gedir”,- deyə politoloq bildirib.

O deyir ki, Türkiyənin Yaxın Şərq, Qafqaz və Orta Asiya ilə bağlı fərqli yanaşmaları var və buna uyğun siyasət aparmaq istəyir.

 
Araz Aslanlı  

Araz Aslanlı Türkiyənin yaşadığı bu qırılmaların aktiv siyasətlə bağlı olduğunu deyib: "Burda iki məsələni aydınlaşdırmalıyıq. Birinci, Türkiyə xarici siyasəti fəallaşdırmaq istəyir. İkincisi, siyasəti fəallaşdırarkən NATO və ya Rusiyaya bağlı qalmamaq istəyir. Yəni Ankara mərkəzli siyasət yeritməyə çalışır. Hazırda belə görünür ki, Türkiyə hakimiyyəti Ankara mərkəzli fəallıq niyyətindədir. ABŞ və Rusiya arasında manevr etməyə çalışır”. 

"Atlas” Araşdırmalar Mərkəzinin  rəhbəri Elxan Şahinoğlu deyir ki,  "F-35” təyyarələri ilə "Patriot”ların aqibəti eyni olacaq: "Bu isə birinci növbədə ABŞ silah sənayesi üçün ciddi itki olacaq. Digər yandan isə türk-rus əməkdaşlığını bir qədər də möhkəmləndirəcək. Düşünürəm ki, ABŞ Türkiyəyə qarşı bu cür ikili standartlar tədbiq etməyə davam etsə, gələcəkdə Rusiya Türkiyəni öz alyansına dəvət edəcək”.

 
Elxan Şahinoğlu 

ABŞ Türkiyəyə "Patriot” raket əleyhinə kompleksləri satmaqdan imtina etdikdən sonra Türkiyə Rusiyadan "S-400” alıb.

Rusiya daha əvvəl Türkiyəyə "Su-35” təyarələrini satmağa hazır olduğunu deyib.

Türkiyənin "F-35” proqramından çıxarılması dünyanın da gündəminə çevrilib.

Beynəlxalq münasibətlər və humanitar elmlər professoru, amerikalı akademik Uolter Rassel Mid "The Wall Street Journal”da yazıb ki, "S-400” zenit-raket komplekslərini almaq qərarı Qərbə ciddi mesajdır: "Türkiyə və Qərb bir-biri ilə əməkdaşlıq edəndə müvəffəqiyyət qazanırlar. Vaşinqton Türkiyənin yalnız Ərdoğandan ibarət olmadığını başa düşməli və diqqətini uzunmüddətli perspektivdə cəmləməlidir”. 

Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib ki, Türkiyənin proqramdan çıxarlmasına görə maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.

Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir "F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözlədiklərini deyib: "O vaxtadək Türkiyə öhdəliklərini yerinə yetirəcək”.

Uğur Fərzəli