14:29, 11 Oktyabr 2019 (Cümə) 1447

Türkiyənin hərbi bazasına hücum olub

Türkiyənin hərbi bazasına hücum olub


/ DÜNYA
Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyənin hərbi hissəsinə hücumu nəticəsində yaralanan 5  hərbçidən 2-si həlak olub.

Bu barədə, Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin "Fırat kalkanı” ("Fərat qalxanı”) nəticəsində terrorçulardan təmizlədiyi Suriyanın Hələb əyalətinin Azez rayonu yaxınlığındakı hərbi bazaya terrorçu PKK/YPG-PYD qruplaşmasının top mərmisi atması nəticəsində Türkiyənin 5 hərbçisi yaralanıb.

Yaralı hərbçilər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşədirilsə də onlardan 2-si həyatını itirib.

Terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

Verilən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.

Bildirilib ki, əməliyyatın 3-cü günündə zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb. 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü tanıdığını və bu ölkədə terrorçuların dövlət qurmasına imkan verməyəcəyini bildirir.

Bu əməliyyatı ABŞ, Rusiya, Pakistan, İran, Qətər və başqa dövlətlər dəstəkləyir.