10:47, 28 Mart 2020 (Şənbə) 186

UEFA çempionatlara daha 15 gün vaxt verir

UEFA çempionatlara daha 15 gün vaxt verir


/ DÜNYA
UEFA və Avropa Klublar Assosiasiyası (ECA) arasında növbəti onlayn məsləhətləşmələr baş tutub.

APA-nın məlumatına görə, tərəflər koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparıb.

Məsləhətləşmələrdən sonra milli çempionatların başa çatdırılması üçün son tarix daha 15 gün uzadılıb. UEFA öncə liqaların iyunun 30-dək başa çatdırılmasını tövsiyə etsə də, durumun yaxşılaşmaması üzündən geriyə addım atıb. İndi çempionatların iyulun 15-dək başa çatdırılması tövsiyə olunur.

İndiki vəziyyətdə klublar ən yaxşı halda mayda məşqlərini bərpa edəcək. İyunda 3-4 gündən bir sıx qrafiklə oynayacaq komandaların iyulun ortasınadək çempionatı başa vurması, ayın sonunda avrokubok mübarizəsini bərpa etməsi nəzərdə tutulub.

UEFA və ECA durumun tezliklə sabitləşməyəcəyi halda çempionatları başa çatdırmamağı da müzakirə edib. Lakin mövsümlərin dondurulması ilə bağlı hələlik ortaq fikrə gəlmək mümkün olmayıb.