13:23, 08 İyul 2019 (Bazar ertəsi) 84

Ukrayna ilk dəfə rəsmi olaraq ABŞ-dan hərbi avadanlıq istəyib

Ukrayna ilk dəfə rəsmi olaraq ABŞ-dan hərbi avadanlıq istəyib


/ DÜNYA
Ukrayna hökuməti ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır.
 
Bu barədə Azadlıq Radiosu xəbər verir.

ABŞ-ın Kiyevdəki səfirliyi bu ölkənin Ukraynadakı keçmiş səfiri William Taylor-un bəyanatını dərc edib, o, ölkənin xahişini iyulun 7-də Twitter səhifəsində yerləşdirib. Taylor iyulun 21-nə təyin olunmuş parlament seçkiləri dövründə Amerikanın Kiyevdəki diplomatik missiyasına rəhbərlik edir.

"Həmin xahişin nəzərdən keçirilməsinə başlayırıq. Birləşmiş Ştatlar Ukraynanın suverenliyini, ərazi bütövlüyünü, müdafiə sektorundakı islahatları qətiyyətlə dəstəkləyir”, – Taylor bəyanatında vurğulayır. 
 
Birləşmiş Ştatlar Ukraynaya 2014-cü ildən bəri tank əleyhinə Javelin raketləri daxil olmaqla 1,5 milyard dollarlıq hərbi yardım göstərib. 

ABŞ-ın Ukraynadakı keçmiş səfiri John Herbst ötən ay Senatın Xarici Əlaqələr Komitəsində deyib ki, Rusiya indiyədək döyüşçülərə 450-dən artıq tank, 700 ağır texnika hissəsi verib.

İyulun 7-də AzadlıqRadiosu-na (RFE/RL) müsahibəsində Herbst deyib ki, Kiyev əlavə Javelin raketləri sifariş etmək istərdi, çünki tanklar Ukrayna qüvvələri üçün əsas problem olaraq qalmaqdadır.

Ancaq o, ölkənin ABŞ silahlarına xərcləməyə milyardları olmadığını deyib.

Bu arada Ukrayna Prezidenti Volodymyr Zelenskiy Birləşmiş Ştatlara ilk rəsmi səfərini etməyə hazırlaşır.

Bir neçə həftəyə baş tuta biləcək bu səfər zamanı apreldə seçkini udmuş Zelenskiy ilə ABŞ Prezidenti Donald Trump arasında ilk görüş keçirilə bilər. 

Trump Rusiyayla münasibətləri gücləndirməyin tərəfdarı kimi çıxış edir, ancaq eyni zamanda ABŞ ixracatını iqtisadi siyasətinin əsas komponenti elan edib.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə tutub, Donbasda separatçı münaqişəni qızışdırıb.