11:21, 27 Dekabr 2018 (Cümə axşamı) 276

Ukraynada hərbi vəziyyət başa çatıb

Ukraynada hərbi vəziyyət başa çatıb


/ DÜNYA
Ukraynada hərbi vəziyyətin başa çatdığı rəsmən elan olunub. Bu barədə qərarı prezident Petro Poroşenko özü elan edib. 

Xəbəri Reuters agentliyi yayıb.

Ukraynada hərbi vəziyyət noyabrın 28-dən tətbiq olunurdu.

Petro Poroşenko bildirib ki, rəsmi Kiyev bölgədəki duruma baxmayaraq Azov dənizindəki limanlarından imtina etməyəcək.

"Qəti surətdə qeyd edirəm ki, Ukrayna heç vaxt Azovdakı limanlarından istifadəsinə son qoymayacaq. Həqiqət bizim tərəfimizdədir, qanunlar, xüsusən də beynəlxalq hüquq, beynəlxalq dəstək bizim tərəfimizdədir və biz bütün diplomatik vasitələrdən istifadə edəcəyik” - deyə Poroşenko bildirib.

Ölkə başçısı onu da qeyd edib ki, hərbi vəziyyəti davam etdirməməsinin bir səbəbi də qarşıdan gələn – martın 31-nə təyin olunan prezident seçkisidir:

"Sizinlə səmimi olacam. Əgər seçki olmasaydı, biz Ali Radadan hərbi vəziyyətin müddətini uzatmağı istəyərdik. Amma son bir ay ərzində – hərbi gərginlik dövründə biz müdafiə qabiliyyətimizi və beynəlxalq arenadakı mövqelərimizi gücləndirmək üçün çox işlər görmüşük”.

Ukrayna parlamenti Azov dənizində Ukrayna gəmilərinin Rusiya tərəfindən tutulmasının ardınca noyabrın 28-dən 30 gün müddətində hərbi vəziyyət elan edilməsinə səs vermişdi.

Hərbi vəziyyətin elan edilməsi Poroşenko hökumətinə ictimai nümayişlərin qadağan edilməsi, mediayaya nəzarət olunması və nəhayət martın sonlarına nəzərdə tutulmuş prezident seçkisinin təxirə salınması səlahiyyətləri verirdi.

Rəy sorğuları Petro Poroşenkonu çətin seçkinin gözlədiyini göstərir.

Rəsmi Moskva Azov dənizindəki insidenti prezident seçkiləri ərəfəsində Poroshenko-nun reytinqini yüksəltmək üçün təxribat adlandırıb.