18:33, 30 Dekabr 2018 (Bazar) 585

Uşaqlar üçün hazırlanan Yeni il bağlamalarına hansı qurum nəzarət edir? - REPORTAJ

Uşaqlar üçün hazırlanan Yeni il bağlamalarına hansı qurum nəzarət edir? - REPORTAJ
Bayramın ən gözəl tərəfi uşaqları sevindirməkdir. 

Bütün dünyada yeni ildə uşaqlar üçün hədiyyələr hazırlanır, nağıl qəhrəmanları tərəfindən bu bağlamalar onlara çatdırılır. 

İllərdir, bu hədiyyələr hər il Azərbaycandakı marketləri də bəzəyir. Müxtəlif qiymətə olan bağlamalar həm valideynləri, həm də təşkil olunmuş şənliklərdəki Şanta Klaus, Şaxta Baba tərəfindən azyaşlılara bağışlanılır. 

Bu illər ərzində dəyişməyən tək şey isə hədiyyə bağlamalarını alan müştərilərin şikayətidir. Əvvəlki illərdə hətta bağlamalardakı məhsullardan zəhərlənmə hallarının olduğu da deyilirdi. 

Bəs indi vəziyyət necədir? Bu bağlamaları satışa çıxaran şirkətə lisenziyanı kim verir? Məhsullara tələbat necədir?

Suallara cavab tapmaq üçün öncə şəhərin böyük marketlərindən birinə baş çəkdik. Satışda qiyməti 2 manat 50 qəpikdən  50 manata kimi olan hədiyyə bağlamaları var.

"Dekabrın sonlarından etibarən hansı uşaqlı evə qonaq getsən, gərək bir hədiyyə  alıb aparasan”, - bunu şəhər sakini Xatirə Süleymanova maketdə qohum uşaqları üçün hədiyyə seçərkən deyib.

O bildirib ki, içində  nə olduğunu bilmir, amma almaqdan başqa əlacı da yoxdur: "Vallah imkan olsaydı, bunu almaq istəməzdim. Heç bilmirəm içində nə var. Amma uşağın əlinə bir şey vermək lazımdır. Uşağın gözü ələ baxan olur. Bayaq istədim bir koftadan, şalvardan nəsə alım, gördüm ki, uşaq paltarları od tutub yanır. Daha mən də nə edə  bilərəm?”.

Müştərilər bağlamalara baxır, əksəriyyəti ya qiymətindən narazı qalır, ya da içərisində nə olduğunu bilmədiklərindən almaqdan vaz keçirlər. Bəzən kiçik uşaqlar hədiyyə bağlamalarını götürür, valideynləri isə əllərindən alaraq yerinə qoyurdular.

Sosial şəbəkələrdə ana-uşaq konseptli bloq yazarı Fəridə Məmmədova yeni il şənliklərində  verilən hədiyyə bağlamalarını uşaqlarına vermədiyini və heç kim üçün də satın almadığını deyir: "Hədiyyə bağlamalarının içindəki məhsullar çox vaxt İran istehsalı olur. Artıq 5 ildir ki, anayam və 10 ildir xala, bibiyəm. Onlar üçün də heç bir zaman almamışam. Şənliklərdə verilən hədiyyələri isə bəzən götürmüşəm, bəzən isə götürməmişəm. Götürdüyümüz hədiyyə bağlamalarının içindəki məhsulları çox vaxt İran məhsulları olur. Əlbəttə bahalı məhsullar olanlar da olur, amma o daha bahalı tədbirlərdə verilir. Sözün düzü, tarixi bitmiş məhsullar hələ qarşıma çıxmayıb. Lakin keyfiyyətsiz hesab etdiyim məhsullar çoxluq təşkil edir. Buna görə də, bu bağlamaları heç kim üçün hədiyyə almıram”. 

2 uşaq anası Sevinc Rzayeva da uşaqlarına belə  məhsullar almadığını bildirir: "Ümumiyyətlə, nə alsaq, istifadə tarixinə baxırıq. Lakin bu bağlamaları heç vaxt uşaqlarımız üçün almırıq. Hərdən anamgil nəvələri üçün hazır hədiyyə qutuları alıb içinə ev şirniyyatı qoyurlar. Bu, daha səmərəlidir”.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Toplum.Tv-yə bildiriblər ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: 

"Məhsullardan götürülən nümunələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Həmçinin yeni il bağlamaları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçiliəcək və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunacaq". 

"Yeni illə əlaqədar satışa çıxarılan hədiyyə qutuları ilə bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var. İstehlakçılar ilk növbədə bilməlidir ki, yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur", - açıqlamada bildirilir.

Qurumdan bildiriblər ki, hazırda bu istiqamətdə Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: "Əgər vətəndaşlarda yeni il hədiyyə bağlamalarında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003" Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".

Hədiyyə bağlamalarındakı məhsullardan zəhərlənmə halına gəlincə, Səhiyyə Nazirliyi bu haqda hər hansı məlumat paylaşmayıb. 
 
Əminə Məmmədova
Toplum TV