17:40, 17 Sentyabr 2018 (Bazar ertəsi) 1157

"Uşaqlara nümunə kimi kriminal avtoritetlər təqdim olunur" - Deputat

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.

Keçən il 16 750 nəfər cinayət törədib.

Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub.

2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.

Cinayət törədən və məhkum edilən yeniyetmələrin sayının artması nə ilə bağlıdır?
 

Psixoloq Azad İsazadə Toplum.tv-yə açıqlamasında bildirib ki, nəzəri baxımından bu məsələdə 2 təsiredici amil var: "Ümumiyyətlə, cəmiyyətimizdə böyüklər arasındakı aqressivlik çoxalıb. Bu da istər-istəməz uşaqlar üçün normal davranışa çevrilir və onlar da böyüklər necə davranırsa, o cür davranmağa başlayır. İkinci əsas amil isə sosial vəziyyət, ümidsizlik və s. kimi problemlərdir. Sui-qəsdlərə daha çox yeniyetmələr meyl edirlər. Sui-qəsd də bir aqressiya növüdür. Bu yaşlarda olan uşaqlar hər şeyə qarşı  maksimalist olurlar. Sonda nə olacağını təsəvvür edə bilmirlər. Onlar dərk etmir ki, hər hansı birinə xətər yetirmək olmaz. Onların aqressiv davranışı bəzən daha erkən başlayır və daha kəskin şəkildə özünü göstərir”.  

"Nazirliyin passiv fəaliyyəti uşaqların diqqətdən kənarda qalmasına gətirib çıxarır"

Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, ölkədə uşaqlar üçün nümunə olaraq elm adamları deyil, kriminal avtoritetlər əsas planda təqdim olunur: "Bunun da nəticəsi ancaq bu ola bilərdi. Bu tip məsələlərin təbliği ona gətirib çıxartdı ki, uşaqlar arasında cinayətə təşəbbüs halları ildən-ilə artmağa başladı. Küçədə qalan, ailə nəzarətinə götürülə bilməyan uşaqlara qayğı göstərmə halları aşağı səviyyədədir. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin passiv fəaliyyəti də istər-istəməz uşaqların diqqətdən kənarda qalmasına gətirib çıxarır. Kompleks məsələlər var ki, bunların hamısına bir yerdə baxılmalıdır. Məsələn, maddi cəhətdən imkanı olmayan xeyli ailələr var ki, onlar müavinət ala bilmirlər. Onlar nazirlik tərəfindən müxtəlif bəhanələrlə diqqətdən kənarda saxlanılır. Nəticə olaraq, bu ailələrdə böyüyən uşaqlar kriminal aləmə maraq göstərirlər. Bunun qarşısını almaq isə get-gedə çətinləşir”.

Türkan Bəşir
Toplum.Tv