19:19, 09 İyun 2019 (Bazar) 33

"Uşaqları diləndirənlər xüsusi tayfadırlar" - Sosioloq

Metroda, digər nəqliyyat vasitələrində, eləcə də küçədə tez-tez dilənən, əlindəki salfeti satmağa çalışan uşaqlarla rastlaşırıq. 

Bu hal təkcə paytaxt Bakıda deyil, bölgələrdə də müşahidə olunur. Küçə həyatı yaşayan bu uşaqların dəqiq statistikası aparılmır. 

Nə hökumət, nə də qeyri-hökumət təşkilatları bununla bağlı dəqiq rəqəmlər açıqlayır. 

Müəyyən uşaq təşkilatlarının rəyinə görə, bu uşaqlar ya yaxınları, ya da başqaları tərəfindən istismara məruz qalır.

Bir neçə gün öncə 3 yaşlı Zəhrənın itkin düşməsi, sonradan 8-ci kilometr bazarında dilənərkən tapılması haqda xəbərlər azyaşlıların problemini yenidən gündəmə gətirib. Ehtimal edilir ki, dilənən və alverlə məşğul uşaqlar arasında oğurlanan, itkin düşən, axtarışda olanlar var. 

Sosioloq Sənubər Heydərovaya görə, hökumət bununla bağlı heç bir tədbir görmür və ya gördükləri tədbirlər də kifayət etmir: "Biz hamımız bilirik ki, uşaqları diləndirənlər xüsusi tayfadırlar və həmişə bu işlə məşğul olurlar. Həmin insanlar onsuz da dövlətdən narazıdırlar. Onların sənədlərində problem olur və yaxud şikayət üçün dövlət qurumlarına getdikdə onların şikayətlərinə baxılmır. Söhbət zamanı onlar deyirdilər ki, həkimə belə müraciət edəndə onların müraciətini ciddi qəbul etmirlər. Dövlət orqanlarına gedərkən onlara pis davranılır, onlara alçaldıcı hərəkətlər edilir. Dövlət tərəfindən belə yanaşmaya görə həmin uşaqlar ortada qalırlar. Bir müddət sonra konvensiyaların tələblərinin hamısına zidd olan həyat tərzinə keçirlər. Bura bizim "istismar” adlandırdığımız, onların adətlərinə uyğun olan hərəkətlər daxildir”. 

Sosioloq uşaq istismarının gizli olmadığını və bunun insanların çox olduğu yerdə baş verdiyini deyir: "Bununla bağlı dövlət hər hansı bir tədbir görmürsə, deməli, bu problem görməzdən gəlinir. Yeganə səbəbi budur. Bizdə polis sayıqlığı ilə bağlı problem yoxdur. Hətta polis lazım olmayan dərəcədə sayıqdı. Harda ki, insanlar özləri üçün iş  görürlər, o zaman polis gəlir maraqlanır, hansı orqanın icazəsi ilə iş görülür və s. Amma polisin gözü qarşısında bu uşaqlar diləndirilir, müxtəlif musiqi alətləri ifa edib pul toplayır, onu görməzdən gəlirlər. Deməli, bu hansısa orqanların marağındadır”. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev Toplum Tv-yə deyib ki, hər hansı faktla rastlaşanda öncə uşağın ailə vəziyyəti öyrənilir, sonra tədbir görülür: "Məsələn, ailə aztəminatlı olarsa, onların sosial təminatını həll etməyə çalışırıq və ya uşağın psixoloji dəstəyə ehtiyacı varsa, psixoloq təyin olunur. Ümumi qaydada isə komitə müəyyən montorinqlər həyata keçirir və maarifləndirmə işləri aparırır. Hər bir hal aydındır ki, valideyn məsuliyyətsizliyindən irəli çıxır. Məsuliyyətlərini başa salmaq üçün maarifləndirmə tədbirləri aparılır. Həmçinin əsas məsələlərdən biri də qanunvericiliyin təkmilləşdirilməsidir. Təbii ki , valideyn uşağı ilə bağlı qanunvericilik çərçivəsində məsuliyyət hiss edərsə, bu daha yaxşıdır. İnzibati Xətalar Məcəlləsində bu öz əksini tapıb. Hətta valideyn hüquqları məhdudlaşdırıla bilir”.
 
Pərviz Əliyev deyir ki, valideynin kəskin şəkildə uşağın hüquqlarını pozduğunu müəyyən etdikdə, uşağın həmin ailədə yaşamasına icazə verilmir, o, internata yerləşdirilir. Komitə yetkilisinin sözlərinə görə, bu, üsul prioritet deyil. Əsas məsələ ailənin problemlərini aradan qaldırmaq və uşağı ailə mühitində böyütməkdir.

Azərbaycan uşaq hüquqları sahəsində BMT-nin "Uşaq Hüquqları haqqında” Konvensiyasına və «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə qoşulub. 

Hər il iyunun 12-si Uşaq Əməyi ilə Ümumdünya Mübarizə Günü kimi qeyd edilir.

Uğur Fərzəli