14:53, 22 Oktyabr 2019 (Çərşənbə axşamı) 99

Vahid Məhərrəmov: "Məqsəd kənd təsərrüfatını inkişaf etdirmək yox, vəsaitləri mənimsəməkdir"

Vahid Məhərrəmov:
Oktyabrın 15-də Prezident yanında iqtisadi müşavirə keçirilib.

İlham Əliyev bu çıxışda bir çox sahənin inkişaf etdiyini vurğulayıb.

Prezident həm də kənd təsərrüfatının inkişafından danışıb. 

Onun sözlərinə görə, kənd təsərrüfatında əvvəlki illərdə 2-3 faiz  artım var idi. Son 9 ayda isə bu göstərici 7 faizdən çoxdur.

Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəm Toplum TV-yə deyib ki,  kənd təsərrüfatına qoyulan investisiya artım kimi göstərilir, əslində isə artım yoxdur: "Bizim əkin sahəmiz daha çox taxılın altındadır. Bu il, 2 ay bundan qabaq İlham Əliyev  demişdi ki, Azərbaycanda taxıl istehsalı 40 faiz  artıb. Yalnız avqust ayında ölkəyə 200 min ton buğda idxal edilib. Bu, yüksək göstərici idi, əvvəllər heç vaxt olmamışdı. Sentyabr ayında isə 260 min ton buğda idxal olunub. Bu da avqust ayındakı rekordu yenilədi. Azərbaycan tarixində  heç vaxt  bu qədər buğda  ölkəyə idxal edilməmişdi. Ölkə buğda ixrac etmir. Tələbat birdən-birə  bu qədər sürətlə artmayıb. Bu, onunla bağlıdır ki,  istehsal kəskin şəkildə azalıb”.  

Mütəxəssis hər həftə regionlarda olduğunu deyib və apardıqları müşahidələrə görə bu il məhsuldarlığın azaldığını bildirib: "Apardığımız müşahidələr göstərir ki, bu il pambıq sahəsi üzrə həm məhsuldarlıq, həm də əkin əraziləri azalıb. Hətta pambığı yığan yoxdur. Çox ciddi problem var. Biz bu məlumatları toplayırıq, yaxın zamanlarda  daha geniş  işıqlandıracağıq. 1 həftə bundan qabaq feysbuk səhifəmdə  yazmışdım və pambığın nə vəziyyətdə olduğunu foto ilə göstərmişdim. Vəziyyət acınacaqlıdır. Yalnız pambıqçılığın monitorinqini aparmırıq. Yerlərdə heyvandarlıqla bağlı vəziyyət də olduqca pisdir.  Otun qiyməti  keçən ilə nisbətən 2 dəfə artıb. Ola bilsin qiymətdə olan  artımı istehsalın çoxalması kimi göstərirlər”.

Vahid Məhərrəm onu da qeyd edib ki, bitkiçilikdə, taxılçılıqda və eləcə də digər sahələrdə də geriləmə var: "Kartofun demək olar ki, mövsümüdür. Yaxşı kartofun qiyməti 1 manatdan aşağı düşmür. Məhsula baxanda müəyyən etmək olur ki,  məhsuldarlıq  nə qədər olub. Eləcə də  pomidor istehsalı ilə bağlı  istixana məhsullarına  baxanda  görürsən ki, artıq  pomidorlarda  "qruzlaşma”  gedir. Bu, o deməkdir ki, eyni sortdan  dəfələrlə istehsal olunur və haradansa toxum əldə edilir ki, artıq o toxum müəyyən etapdan sonra özünü məhsullarda göstərir və  məhsul eybəcər bir hala çevrilir. Onlar hansı sahədə toxumçuluğu inkişaf etdiriblər, hansı sahədə suvarma sistemini elə qurublar ki, bitki suvarması davamlı gedir və dayanıqlı olur, yəni problemlər yaranmır?”

Mütəxəssisin sözlərinə görə, kənd təsərrüfatında get-gedə idxaldan asılılıq artıb: "Ət, süd, kərə yağı və bitki yağı idxalı kəskin şəkildə artıb. Hansı istehsalda artım var? Hansı sahəni göstərə bilərlər? Əlbəttə, bunlar uydurulmuş rəqəmlərdir. Görüntü yaradırlar ki,  guya kənd təsərrüfatına qoyulmuş investisiya özünü doğruldub, əslində isə vəziyyət  elə deyil. Doğruldubsa, niyə neçə ildir taxılçılığa dövlət büdcəsi hesabına subsidiya verirlər? Yəni daha çox buğda istehsalı üçün 2 dəfə artıq subsidiya verirlər. Buğdanı niyə Rusiyadan gətirirlər? Niyə daxildə istehsal olunan buğdadan istifadə olunmur? Həcmi nə qədərdir? Nə qədər 6-cı sinfə kimi buğda istehsal ediblər? Bircə rəqəm səsləndirsinlər. Yoxdur, yalan sözdür. Əgər sinifə bölünmürsə, çeşitlənmirsə və nə qədər 1-ci, 2-ci, 3-cü və s. siniflərə  aid olunduğu rəqəm ortada yoxdursa, dediklərinin hamısı fiksiyadır. Taxıl var, ancaq heyvandarlıqda yem kimi istifadə üçün  faydalıdır”.

Vahid Məhərrəmlinin fikrincə, İlham Əliyevin çıxışı bir daha onu düşünməyə əsas verir ki,  onların məqsədi kənd təsərrüfatını inkişaf etdirmək yox,  kənd təsərrüfatına ayrılan  vəsaitləri mənimsəmək, ölkəni idxaldan asılı vəziyyətdə qoymaq, idxal olunan məhsullardan gəlir əldə etməkdir: "Demək olar ki, İlham Əliyev ətrafında olan məmur oliqarxların marağına xidmət göstərir. Onların da marağı ölkəyə daha çox məhsul idxal edib, daha çox gəlir əldə etməkdir”.

Elmar Əziz