18:53, 16 İyul 2019 (Çərşənbə axşamı) 396

“Vaxtilə Qarabağ da ləng və etinasız siyasətin qurbanı oldu”

“Vaxtilə Qarabağ da ləng və etinasız siyasətin qurbanı oldu”
Gürcüstan-Azərbaycan sərhədinin Keçikçi Dağı Məbəd-Kompleksində insident baş verib. 

Milliyətçə gürcü olan şəxslər Azərbaycan sərhədçilərinin silah və mərmi daraqlarını alıb.

Hadisə Azərbaycanda birmənalı qarşılanmayıb. Xüsusən ölkə müxalifəti Azərbaycan hökumətindən sərt tədbirlər görməsini tələb edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, bu məsələyə görә şәxsәn İlham Әliyev mәsuliyyәt daşıyır: "Ölkə daxilində sadə vətəndaşa düşmən kəsilənlər, elə 2 gün öncə Goranboyda "göyə xəbərdarlıq atəşini” vətəndaşımızın beyninə tuşlayanlar, günahsız insanları ağır işgəncələrlə öldürtdürənlər istənilən xarici qüvvənin qarşısında tit-tir titrəyir. Elçin Quliyev utanırmı? Başa düşürmü ki, Gözəl Bayramlını 5 maşın xüsusi təyinatlı ilə müşayiət etmək deyil igidlik? İgidlik sənə tapşırılan bayrağı, sərhədi və silahı qoruya bilməkdir. Hamımız günahkarıq. Silahını qoruya bilməyən əsgərdən, ona rəhbərlik edən zabitlərdən tutmuş Elçin Quliyev və İlham Əliyevə qədər günahkardır. Biz də toplum olaraq günahkarıq - bu qorxaqlara bu qədər dözdüyümüz, bu qədər gözü qıpıq olduğumuz üçün”.
 
 
Əli Kərimli
 
Əli Kərimli, Azərbaycan-Gürcüstan sərhədində təcili qayda yaradılmalı olduğunu deyib.

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının sözlərinə görə, Azərbaycan tərəfi məsələ ilə bağlı sərt mövqe sərgiləməlidir: "Əlbəttə, kimsə Gürcüstanla münasibətlərin pozulmasını istəmir, ancaq bu, birtərəfli davam edə bilməz. Baş verənlər artıq Azərbaycan dövlətinə və əsgərinə qarşı təhqiramiz xarakter alır”.
 

 
Yadigar Sadıqlı 

Respublikaçı Alternativ Partiyasının Məclis üzvü Azər Qasımlı bildirib ki, bu provokasiyada iştirak edən şəxslərin kimliyi araşdırılmalı və onların ölkəyə buraxılması yasaqlanmalıdır: "İlk növbədə gürcü tərəfinə ciddi narahatçılığımızı çatdırmalıyıq və onlardan bu təxribatların qarşısını almağı tələb etməliyik. İkincisi, rəsmi şəkildə bildirilməlidir ki, bir daha belə hadisə baş versə, Azərbaycan əsgərinə atəş açmaq əmri verilib. Üçüncüsü, müvəqqəti olaraq kilsəyə toplu şəkildə insanların ziyarətə buraxılmaması ilə bağlı qərar verilməli və gürcü tərəfinə bildirilməlidir”.
 
 

Azər Qasımlı  

Azər Qasımlı deyib ki, vaxtilə Qarabağ da ləng və etinasız siyasətin qurbanı oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir: "Bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”.

Nazirliyin məlumatına görə, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Gürcüstan Xarici İşlər Nazirliyi isə ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb: "Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.

Keşikçidağ məbədi Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir.

Keşikçidağ hadisələrindən sonra 1996-cı ildə yaradılan Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti bərpa olunub.

Uğur Fərzəli