20:13, 14 May 2019 (Çərşənbə axşamı) 338

Vəkil: “Azərpoçt” məhbusların şikayətlərini göndərmir"

Vəkil: “Azərpoçt” məhbusların şikayətlərini göndərmir
Həbsdə olan jurnalist Əfqan Muxtarlının və Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlər ünvanına çatdırılmır.

Məlumatı vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında paylaşıb.

"Heç bir əsas olmadan şikayətlər "Azərpoçt”un PDM-ində saxlanılır, təyinat ölkəsinə göndərilmir. Yəqin ki, sonra "itirildi” kimi rəsmiləşdirəcəklər”, - o bildirib. 

Vəkil bildirib ki, Azərbaycan hökuməti insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsini pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını alır: "Bu gün Əfqan Muxtarlı və Nemət Pənahlının məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət etmişik”.

Digər hüquqşunas Xalid Ağaliyev isə məsələni şərh edərək deyib ki, yəqin bunlar məhkəmə-hüquq islahatlarının tərkib hissəsidir: "Şikayətə elə "Azərpoçt” özü baxacaq”.

"Azərpoçt”dan münasibət öyrənmək mümkün olmayıb.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da yaşadığı Tbilisi şəhərindən yoxa çıxıb və 1 gün sonra Azərbaycanda həbs edilib. 

O, dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb. Məhkəmə hökmü ilə o, 6 il azadlıqdan məhrum edilib. 

Jurnalist ittihamları qəbul etmir, onu evinin yanından oğurlayıb, başına torba keçirərək Azərbaycana gətirdiklərini və şərlədiklərini deyir. 

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi "Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” ilə ittiham olunduğu üçün Avropa Məhkəməsinə üz tutub.

Uğur Fərzəli