18:50, 20 Sentyabr 2019 (Cümə) 853

Vəkil Nemət Kərimliyə qarşı zorakılıq edilib

Vəkil Nemət Kərimliyə qarşı zorakılıq edilib
Bu gün vəkil Nemət Kərimli Əfqan Muxtarlı ilə görüşmək üçün 16 saylı cəzaçəkmə müəssisəsinə gedib. Orada onu 45 dəqiqə gözlətdikdən sonra üzərini axtarmaq şərti ilə buraxmağa razı olublar.

"Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər."

Vəkil bildirib ki, eyni hal görüşdən çıxan zaman da baş verib. Bu dəfə isə özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gələrək "hamını axtarırıq, icazəmiz var” deyərək baxış keçirmək əmri verib.

"Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək. Mən imtina etdim, o, yəni Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, "sən kimsən?, bura müəssisədir, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan” qışqıra-qışqıra zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar."

Nemət Kərimli yaydığı açıqlamada bazar ertəsi bu barədə rəsmi şikayət edəcəyini bildirib.

Mikroskopmedia.com