22:58, 11 İyul 2019 (Cümə axşamı) 180

Vəkillə qarşı intizam icraatı qərarına xitam verilib

Vəkillə qarşı intizam icraatı qərarına xitam verilib
İyulun 11-də vəkil Elçin Sadıqova qarşı başlamış intizam icraatına xitam verilib. 

Bu barədə vəkil öz feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri  Anar Bağırovla və Rəyasət Heyətinin üzvləri ilə görüşüblər: "Problemləri müzakirə etdik və həll etdik. İntizam icraatına xitam verildiyi bildirildi. İntizam icraatına xitam verildiyi üçün VK RH-ə təşəkkür edirəm".

Elçin Sadıqov barəsində iyunun 28-də vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Kəmalə Qasımovanın şikayət ərizəsi yazdığı bildirilir. 

Şikayətdə deyilirdi: "Sərdar Qasımov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub, vəkillərin İntizam Komissiyasının üzvü olub. Vəkillik fəaliyyəti göstərdiyi illərdə nüfuz qazanıb, onun bugünlərdə vaxtsız vəfatından ailəmizə və digər qohumlarımıza və onu tanıyanları hədsiz kədərləndirmişdir. Lakin bizim gözümüzün yaşı qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla bizim ailənin və doğmalarının mənəvi sarsıntısını və kədərini daha da artırmışdır. Həmin məlumatlarda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, onun vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazmışdır. Mən Sərdar Qasımovun həyat yoldaşı kimi deyə bilərəm ki, işində və əməlində həmişə düz olmuş, haqqı nahaqqa verməmiş və obyektiv olmuşdur. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsini xahiş edirəm”.

İyulun 10-da bu şikayət əsasında vəkilə qarşı intizam icraatına başlanıldığı haqda məlumat verildi.

Vəkil E.Sadıqov isə şikayətlə razılaşmır və bunun qərəzli olduğunu bildirirdi.
 
Əbülfət Baxşəli