16:24, 13 May 2019 (Bazar ertəsi) 95

Vəkillər Kollegiyası: "Ötən il 6 vəkil kollegiyadan uzaqlaşdırılıb"

Vəkillər Kollegiyası:
Ötən il Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 597 şikayət və müraciət daxil olub.

Bu barədə məlumatı Vəkillər Kollegiyası yayıb.

Bildirib ki, Rəyasət Heyəti ilkin araşdırma nəticəsində 323 (54,1%) müraciətin əsas olmadığından intizam icraatına başlamayıb, 274 (45,9%) şikayət və müraciət üzrə əsas olduğundan intizam icraatı başlanılaraq araşdırılması üçün İntizam Komissiyasına göndərilib. Müraciətlərin 33-ü (12%) dövlət, 14-ü (5,1%) qeyri-dövlət orqanlarından və 227-i (82,8%) vətəndaşlardan daxil olub.

Məlumatda deyilir ki, İntizam Komissiyasında 92 (33,6 %) intizam icraatı üzrə vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib, 72 (26,3 %) intizam icraatı üzrə araşdırma nəticəsində qiymət vermək mümkün olmayıb, 58 (21,2%) intizam icraatı üzrə pozuntu müəyyən edilməyib, 17 (6,2 %) intizam icraatı üzrə icraata xitam verilib, 1 (0,7 %) intizam icraatı üzrə icraat dayandırılıb və 34 (12,4 %) intizam icraatı üzrə araşdırma isə hələ davam edir.

Rəyasət Heyəti qeyd edir ki, 71 intizam icraatı üzrə 29 (40,8%) şikayət və müraciətin mahiyyətini, pozuntunun dərəcəsini və digər halları nəzərə alaraq intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq verilməklə kifayətlənib, 9 (12,7%) intizam icraatı üzrə irad tutma, 15 (21,1%) intizam icraatı üzrə töhmət və 12 (16,9%) müəyyən müddətə vəkilin fəaliyyətinin dayandırlması intizam tənbehi tətbiq edilib. Həmçinin 6 (8,5%) intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edib. Məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib. Sonuncu qeyd edilən 6 intizam icraatlarından 5 intizam icraatı vəkillər tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqlarını üzrsüz səbəbdən altı aydan artıq müddətə ödəmədiyindən, digər sonuncu intizam icraatı üzrə isə qərar vətəndaş tərəfindən daxil olmuş şikayət əsasında qəbul olunub.

RH qeyd olunanlara istinad edərək sonda bildirib ki, 2018-ci ildə dövlət orqanlarından daxil olmuş müraciətlər əsasında hər hansı bir vəkilin Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı qərar qəbul edilməyib.

Məlumatda heç bir vəkilin adı qeyd olunmayıb.

Vəkil Yalçın İmanov mayın 10-da Meydan TV-yə açıqlamasında bildirib ki, onun kollegiyadan azad olunsı, yaxud Nemət Kərimlinin, Əsabəli Mustafayevin və Fəxrəddin Mehdiyevin 1 il müddətində vəkillik fəaliyyətlərinin dayandırılması sırf dövlət orqanlarının şikayəti əsasında baş verib:

"Mənim haqqımda Penitensiar Xidmət şikayət etmişdi. Əsabəli Mustafayev, Nemət Kərimov və Fəxrəddin Mehdiyev haqqında isə Baş Prokurorluğun müraciətləri əsasında kollegiya qərar qəbul etmişdi. Yaxud İradə Cavadovanın kollegiyadan xaric edilməsi də əslində onun müvəkkilinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılmasından sonra baş verdi”.
 
Meydan.Tv