16:11, 14 İyun 2019 (Cümə) 189

"Vergi və gömrük sahəsi ölkənin xroniki xəstəliyidir" - Ekspert

Alman-Azərbaycan Xarici Ticarət Palatası rəy sorğusu əsasında hazırladığı "Aİ və Azərbaycanda Biznes Mühiti-2019” adlı hesabatını yayıb.

Şirkətlər Azərbaycanda biznes üçün riskləri açıqlayıb. 

Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər. 

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıblar.

Tək cavab seçmək şərti ilə rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.

İqtisadçı Natiq Cəfərli xarici şirkətlərin biznesdə risklər mövzusunda verdiyi cavabları izah edib.

Onun sözlərinə görə, bazarın qeyri-müəyyən istiqamətdə inkişafı deyəndə AB şirkətləri üstüörtülü şəkildə qeyd ediblər ki, bu məmləkətdə hər şey, o cümlədən onların biznes layihələri neftin qiymətindən asılıdır: "Neft baha olan kimi dövlət xərcləri artır, onların da gəlirləri yüksəlir, qiymət düşsə onlar da batırlar”.

Natiq Cəfərli sorğuda xarici şirkətlərin 61 faiz riskli sayılan bürokratiya və korrupsiya deyərkən sistemin birbaşa idarəetməyə bağlı olmasını nəzərdə tutduqlarını deyib.

Ekspert kadr çatışmazlığını təhsilin ölkədə zəif olması ilə əlaqələndirib: "Amma bu təhsilin problemi deyil. Yaxşı kadr, azad və rəqabətli iqtisadiyyatla mümkündür. Bu formul ölkədə işləmir deyə təhsil zaydır”.

Ekspert bildirib ki, vergi və gömrük sahəsi ölkənin xroniki xəstəliyidir və əsas səbəb yenə idarəetmə sistemi və hökumətin hər iki sahənin fəlsəfəsini, missiyasını anlamamasından irəli gəlir.

"Qısası, Avropa İttifaqı şirkətləri də deyir ki, ölkənin müsbətə doğru dəyişməsi üçün sistem dəyişməlidir”, - deyə Natiq Cəfərli bildirib.

Sənədə əsasən, Aİ şirkətlərinin 75%-i yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18%-i buna əmin olmadığını, 7%-i isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib. 

Uğur Fərzəli