11:35, 07 Yanvar 2020 (Çərşənbə axşamı) 180

Vətəndaş cəmiyyəti jurnalistə təzyiqə görə bəyanat yayıb

Vətəndaş cəmiyyəti jurnalistə təzyiqə görə bəyanat yayıb
"Biz vətəndaş cəmiyyəti olaraq bu məhkəmə işini A.Məmmədova qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk və müstəqil mediaya basqı sayır, müstəqil KİV-i təmsil edən A.Məmmədova qarşı təzyiqlərin dayandırılmasını tələb edirik.''

Bunu vətəndaş cəmiyyətinin nümayəndələri "criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı təzyiqlərlə bağlı bəyanatda qeyd ediblər.

Bəyanatda bildirilir ki, bundan öncə dəfələrlə hüquq mühafizə orqanlarının qanunsuz sorğulamaları və hədələri ilə üzləşən, həmçinin sübut olunmayan əsaslarla 5 il 6 ay şərti həbs cəzası alan "criminal.az" saytının baş redaktoru Anar Məmmədov yenidən təzyiqlərlə üz-üzədir:  "Aydın görünür ki, müstəqil saytın fəaliyyəti hakimiyyət dairələrini narahat edir və müxtəlif basqılarla onun fəaliyyətini dayandırmaq istəyirlər".

Vətəndaş cəmiyyəti üzvləri hazırda baş redaktor Anar Məmmədov həbs təhlükəsi ilə üzləşdiyini vurğulayıblar: ""Criminal.az" saytında Məlahət MMC-nin rəhbəri, "Lombard N1”in sahibi Məlahət Qurbanova ilə sabiq sosial müdafiə naziri Fizuli Ələkbərov arasında olan məhkəmə davası haqda material dərc edilib. Həmin məqalədə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması və şəxsi peşəsinə uyğun olaraq ‘’Lombard Məlahət’’ kimi təqdim olunub. M.Qurbanova lombard ayamasını özü üçün təhqir və böhtan hesab edərək xüsusi ittiham qaydaşında məhkəməyə şikayət edib. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatlar yayıb. Saytın redaksiyasının yerləşdiyi və baş redaktorun qeydiyyatda olduğu paytaxt Bakıda məhkəmə bu iddianı icraata götürməsə də, Ağdam rayon Məhkəməsinin hakim Mahir Niftəliyev xüsusi ittihamı icraata qəbul edərək, Anar Məmmədovu təqsirləndirilən şəxs elan edib. Yanvarın 7-ə məhkəmə baxışı təyin olunub".

Bəyanatda xatırladılıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin martında A.Məmmədovu 5 il 6 ay şərti azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb: "O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə ittiham edilib. Bundan sonra isə ölkə daxilində"Criminal.az” saytına girişə məhdudiyyət qoyulub".

Onlar həmçinin qeyd ediblər ki, Ağdam Rayon Məhkəməsinin A.Məmmədov barəsində xüsusi ittihamla bağlı çıxaracağı bəraət hökmündən başqa istənilən qərarı A.Məmmədovun 5 il 6 ay şərti cəzasını həbslə əvəz edəcək.

Bəyanatında sonun vətəndaş cəmiyyəti üzvləri jurnalistə qarşı təzyiqi pisləyib, təzyiqlərin dayandırılmasını tələb ediblər: "Biz vətəndaş cəmiyyəti olaraq bu məhkəmə işini A.Məmmədova qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk və müstəqil mediaya basqı sayır, müstəqil KİV-i təmsil edən A.Məmmədova qarşı təzyiqlərin dayandırılmasını tələb edirik''.

Sənədi imzalayanlar:

Şahvələd Çobanoğlu, jurnalist
Samir Kazımlı, hüquq müdafiəçisi
Nazim Bəydəmirli, iqtisadçı-alim
Xədicə İsmayıl, araşdırmaçı-jurnalist
Ərəstun Oruclu, politoloq
Şəbnəm Karslı, yazar
Rauf Mirqədirov, jurnalist
Ələsgər Məmmədli, hüquqşünas
İlham İsmayıl , təhlükəsizlik məsələləri üzrə ekspert
Pərviz Həşimli, jurnalist
Elçin Məmməd, hüquq müdafiəçisi
Vasif Qurbanzadə, Qarabağ Hərəkatının başqanı
Natiq Cavadlı, jurnalist
Samir Vəliyev, təşkilatçı
Elşən Balaxanski, jurnalist
Cavad Cavadov, vəkil
Şəmşad Ağa - jurnalist
Samir Zeynalov, ictimai vəkil
İbrahim Cəfərov, müəllim
Rövşən Hacıbəyli, jurnalist
Xalid Ağaliyev, media hüquqçusu
Cavanşir Həsənli, jurnalist
Şəhriyar Məhərrəmov, incəsənət adamı
Nəzakət Zeynallı, FrauFam - Qadın və ailələrin inteqrasiyası cəmiyyətinin sədri
 
Aytac Ağazadə