Müsahibə

VİDEOMÜSAHİBƏ: "14 il əvvələ qayıtsaydım, mühacirətə getməzdim..." - Həbib Müntəzir

16 Noyabr, 2016
3902
Toplum.Tv-nin "Məcburi sürgün" layihəsinin növbəti qonağı hazırda Almaniyada mühacir həyatı yaşayan jurnalist, ictimai fəal Həbib Müntəzir. Onunla müsahibəni təqdim edirik:

- Həbib bəy, xoş gördük.

- Xoş gördük.

- Mühacirətə getmə qərarını necə verdiniz?

- Mühacirətə gəlməyimin başlıca səbəbi atamın siyasi fəaliyyətindən qaynaqlanıb. Atam Azərbaycanda 2 dəfə siyasi məhbus olub. Sonuncu dəfə 1998-ci ildə, prezident seçkilərindən sonra etiraz aksiyası zamanı həbs olundu və 2 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edildi. Bundan sonra illeqal yolla ölkəni tərk etmək məcburiyyətində qaldı və Almaniyaya mühacirət etdi. 2 il sonra da mən ölkəni tərk etmək məcburiyyətində qaldım. Səbəb də mənə və ailəmə olan təhdidlər və basqılar idi. Hüquq mühafizə orqanları deyirdilər ki, atan gəlməsə, onun yerinə səni həbs edəcəyik. 

- Belə başa düşdüm ki, atanız orada olduğu üçün mühacirətə getmək sizə daha asan başa gəlib və başqalarının gördüyü çətinlikləri görməmisiniz. Ümumiyyətlə, hansı çətinlikləriniz olub?

- Təxminən elədir. Adım düşərgədə getsə də, atamın öz evi olduğu üçün onun yanında qaldım. Yəni bir çox mühacirdən fərqli olaraq düşərgədə qalmamışam. O baxımdan bir az şanslıyam. 

- Azərbaycan indi oralardan - almanların, avropalıların və siz azərbaycanlıların gözü ilə necə görünür?

- Mənim gözümlə baxmasaq, daha yaxşı olar...(gülür)  Avropa oyunlarından sonra burada Azərbaycan haqqında mətbuatda yayımlanan məqalələr, video reportajlar, təəssüf ki, ürəkaçan deyil. Ölkədə baş verən ictimai-siyasi vəziyyət  tam şəffaflığı ilə əks olunub. Bu "şəffaflıq” hamıya məlumdur. Azərbaycan siyasi məhbuslarla dolu, siyasi azadlıqların boğulduğu, vətəndaşların şəxsi mülklərinin əlindən alındığı ölkə kimi təqdim edildi, daha doğrusu, həqiqətlər göstərildi. Hakimiyyət iddia edir ki, bu kimi  idman yarışları ilə Azərbaycanı tanıdır. Bəli, tanıdır, amma təəssüf ki, müsbət yox, mənfi yöndə. Əlbəttə ki, Azərbaycan təbii sərvətlərlə, neftlə zəngin bir ölkə kimi tanınır. Belə deyək, Qafqazın Dubayı və ya Küveyti hesab olunur və həmin ölkələrlə müqayisə olunur. Yadımdadır, Alman televiziyalarının birində bir verilişdə Azərbaycanı Küveytlə  müqayisə edirdilər. Verilişdə deyilirdi ki, bu ölkələr eyni təbii sərvətlərə və imkanlara malikdir, amma  Küveytdə bir fəhlənin üstüaçıq "Audi"yə mindiyini, Azərbaycanda isə bir fəhlənin maaşını ala bilməməsi və s. kimi sosial problemləri əks etdirirdilər. 

- Mühacirət edən insanlar sosial şəbəkələrdə aktiv olurlar və belə bir təəssurat yaranır ki, sanki onlar cismən mühacirət ediblər, ruhları və beyinləri hələ də buradadır. Bu vəziyyət nədən qaynaqlanır? Oralarda sosiallaşa bilmirlər, yoxsa icmalaşma, təşkilatlanma problemi var? Ümumi götürəndə Almaniyada yaşayan azərbaycanlılar arasında belə bir problem mövcuddurmu?

- Bu dediyiniz hal, əsasən, ictimaiyyət tərəfindən tanınan insanlara aiddir. İstər hansısa jurnalist olsun, istərsə də siyasətçi, dünyanın harasında və kimliyindən, siyasi kateqoriyasından asılı olmayaraq, ölkə ilə maraqlanır və hadisələrə öz münasibətini bildirir. Dediyiniz kimi, cismən burada olsa da, ruhən orada olur. Ümumilikdə götürəndə isə Azərbaycan mühacirlərin əksəriyyətinin heç vecinə də deyil. Onlar öz həyatını qurmağa, yaşamağa çalışır, çünki buraya gələn insan həyata sıfırdan başlayır. Demək olar ki, hər şeyini itirmiş, hər şeydən məhrum olmuş biri kimi sıfırdan başlamalı olur. Bu da çox çətin prosesdir, kənardan göründüyü kimi asan deyil, heç kimin ayağının altına qırmızı xalça sərmirlər. Çətin və uzun proses olduğu üçün düşünürəm ki, Azərbaycanla maraqlanmaq, bu barədə düşünmək fiziki olaraq da mümkün deyil. Yaşayış izni aldıqdan sonra maraqlanmaq, ürəyinin döyünməsi isə çox təbii haldır. Yəni istər-istəməz vətəndir də...

Təşkilatlanma ilə bağlı onu deyə bilərəm ki, bu, çox bərbad vəziyyətdədir. Azərbaycanın diaspora olaraq, Almaniyada vəziyyət acınacaqlıdır. Bunda, əlbəttə, Azərbaycan hakimiyyətinin də rolu var. Bir də ümumilikdə götürsək, bizdə o mədəniyyət hələ formalaşmayıb. Belə baxanda nə formalaşıb ki, o da formalaşsın?! O baxımdan çox çətindir. İnsanlar da bir-birinə qarşı çox biganə münasibət sərgiləyirlər. Bundan əlavə, siyasi maraqlar, bir-birilə anlaşa bilməyən qruplar var. Çox müxtəlif səbəblərdən azərbaycanlılar Avropada birləşə bilmirlər. İnteqrasiya baxımından azərbaycanlı olaraq  bizim özümüzün də çətinliklərimiz var, çünki tamamilə fərqli bir mühitdən buraya gəlmişik və burada mədəniyyət, dil, din olaraq hərtərəfli  fərqli  bir atmosferə düşmüşük. Ona görə də insanlar istər-istəməz bir az depressiyada yaşayırlar. Həm də komplekslərlə gəlirik buraya. Hər birimizin müxtəlif  komplekslərimiz var. Yəni istər uşaqlıqdan qalan,  istər cəmiyyətdə yaşadığımız travmalarla gəldiyimiz üçün buradakı fərqlilik, baxış bucağı adama bir az yad olur. Müəyyən müddət keçməlidir ki, inteqrasiya edə biləsən. Bu həm də alman cəmiyyətinin özündən və dövlətin  münasibətindən də qaynaqlanır. Almanlar bildiyiniz kimi çox soyuq xalqdır və istiqanlılıq burada tamamilə fərqli mənalalarda yozulur. Ona görə də bu, gəlmələr və mühacirlər üçün bir uçurum yaradır. Amma alman hökumətinin və buradakı siyasi partiyaların bu yöndə ciddi dəyişiklik istəyi var və çalışırlar ki, bu soyuqluğu aradan qaldırsınlar.

- Parlamentdə olan müzakirələr göstərir ki, Azərbaycanda internetin məhdudlaşdırılması məsələsi gündəmdədir və sizin işlədiyiniz media orqanı ilə bağlı da müəyyən müzakirələr gedir. Məhdudlaşdırma olarsa, sizin fəaliyyətinizə də əngəl törədiləcək. Hanısısa bir "B" planınız varmı? Necə fəaliyyət göstərəcək, işinizi davam etdirəcəksiniz?

- Sizinlə əlaqə yaratmamışdan əvvəl, elə dünən  İctimai Televiziyada debat gedib və bizim Meydan Tv-nin də adı orada hallanıb. Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Vüsalə Mahirqızı və Gündüz Osman bu mövzu ətrafında danışıblar. 21-ci əsrdə internetə məhdudiyyət qoymaq, hansısa qadağadan danışmaq mümkünsüzdür. Qadağanın olması üçün gərək Azərbaycanda internet və ya aktiv istifadə etdiyimiz sosial şəbəkələr yasaqlansın. Təbii ki, bir düymə ilə bunu edə bilərlər, əllərində bu imkan var. Amma indiki şərtlər daxilində bu, mümkünsüz görünür, çünki prezidentin, deputatların sosial şəbəkədə hesabları fəaliyyət göstərir. Düzdür, prezidentin şəxsi hesabı olmasa da, Prezident Adminstrasiyasının rəsmi hesabları var və aktiv şəkildə tvitter və feysbukdan  istifadə edirlər. Düşünmürəm ki, sosial şəbəkələrə hansısa qadağalar gətirilsin. Sadəcə, saytın qadağan olunması mümkündür. Bəli, bunu  çox rahatlıqla edə bilərlər, amma bu onlara başucalığı gətirməyəcək. Əgər İlham Əliyev azad mətbuatdan, azad internetdən danışırsa, onun məmurları və deputatları buna əməl etməlidir. Biz düşünürük ki, saytımız Azərbaycanda yasaqlanarsa, sosial şəbəklərə daha çox güc verək. Onsuz da, biz orada yetəri qədər imkana sahibik, onu daha da artıracağıq və daha çox insana çatmaq üçün əlimizdən gələni edəcəyik. Sadəcə, bu deputatların anlamaq istəmədikləri bir şey var: sözü, fikri, düşüncəni heç vaxt yasaqlaya bilməzlər. Bayram və Qiyasın son məhkəmə prosesləri sübüt etdi ki, 10 il də, 20 il də iş  versələr, başqa gənclər ortaya çıxır və etirazlarını bildirirlər. Etiraz nə qədər boğulsa, özünü o qədər çox biruzə verəcək. Əksinə, bizim deputatlarımız, hörmətli millət vəkillərimiz ona cəhd etməlidirlər ki, bu etirazlar yaranmasın. Bunun üçün də onlar öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

- Mühacirət etməklə nə qazandınız və itirdiniz?

- Vallah, çox qısa sualdır, amma cavabı çox uzun da ola bilər, yəni bilmirəm, konkret necə cavab verim. Çox şey itirmişəm: vətənimi, ölkəmi, dostlarımı, qohumlarımı, əzizlərimi...  Yəni çox şeydən məhrum olmuşam. Məsələn, ikinci dəfə mənə belə bir şans verilsə və 14 il əvvələ qaytarıb desələr ki, mühacirətə get, getmərəm... 

- Getməzsiniz...

- Xeyr. Qazandığım, əlbəttə ki, yeni dostlar, yeni mühit, Avropadakı azad cəmiyyətdir. İstər-istəməz daha tolerant olursan, fərqli düşünürsən, fərqli düşüncələrə açıq olursan. Qazandıqlarım deməzdim ki, azdır,  həddindən artıq çoxdur. Əvvəllər problem kimi gördüyüm şeyləri indi çox rahatlıqla qəbul edirəm. Düşmənçilik, kin, nifrət kimi duyğular məndə dəyişib və tamamilə başqalaşıb. 

- Amma siz sosial şəbəkə üzərindən aprel döyüşlərinə dəstək nümayiş etdirmişdiniz...
 
- Kimə?

- Yəni orduya dəstək vermişdiniz və elə bir təəssürat yaranırdı ki, çox pozitiv görürsünüz. Təbii, tək siz yox, sizin kimi düşünənlər də var idi...

- Dünyanın ən ucqar yerinə də getsən, öz kimliyindən, vətənindən, ölkəndən ayrı düşə bilməzsən, çünki səni oraya bağlayan çox şey var. Təbii ki, bir ictimai fəal olaraq, mən də ölkəmin, ordumun yanında yer almalıyam, bu, başqa cür mümkün deyil. Düzdür, sonradan yenə də xəyal qırıqlığına uğradıq. Əlbəttə, vətənimə bağlıyam, ora ilə nəfəs alıram, bu öz yerində... Amma bundan sonra eyni addımı atmaram. Çünki vətənimizi, ölkəmizi səmimi sevən insanlar olaraq, növbəti dəfə aldadıldıq. İkinci dəfə aldadılmaq istəmərəm, bundan sonra daha ehtiyatlı olacağam, amma yenə də Azərbaycan əsgərinin yanındayıq. Bizdən çox onun problemlərini hallandıran, dilə gətirən yoxdur. 

- Buradan mühacirətə gəlmək istəyənlərə, bu arzu ilə tutuşub-yananlara nə demək istəyirsiniz?

- Buradakı fəaliyyətim  ölkəmin nə vaxtsa tərəqqiyə, inkişafa çatacağı ilə bağlıdır. Ümid edirəm ki, biz Azərbaycanımızı inkişaf etmiş ölkələr sırasına daxil edə biləcəyik. Mənim kimi başqaları da öz vətənlərinə qayıdacaqlar və orada rahat şəkildə yaşaya biləcəklər. Onların həyatı hər bir Azərbaycan vətəndaşı kimi qorunacaq. Buna inanıram. Azərbaycanda yaşayan vətəndaşların həyatlarına bir təhlükə yoxdursa, orada yaşaya bilirlərsə, gəlməsinlər. Dediyim kimi, buraya gəlirlərsə, hər şeyə sıfırdan başlamalıdırlar və sonu necə olacağı bilinməyən bir yola çıxmalı olacaqlar.

- Səmimi söhbətə görə təşəkkür edirəm. 

- Rica edirəm, buyurun. Mən də təşəkkür edirəm. 

İzzətxanım Cabarlı 
Toplum.Tv
 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo