15:16, 01 May 2019 (Çərşənbə) 447

“Vikiliks” saytının yaradıcısına hökm oxunub

“Vikiliks” saytının yaradıcısına hökm oxunub


/ DÜNYA
Böyük Britaniyanın paytaxtı Londonda ilkin məhkəmə "Vikiliks” saytının yaradıcısı Culian Assanja 50 həftə azadlıqdan məhrumetmə cəzası kəsib.

Hökm mayın 1-də oxunub. Jurnalist girovla azadlığa buraxılmaq şərtlərini pozmaqda təqsirli bilinib.

Avstraliya vətəndaşı olan 1971-ci il təvəllüdlü Culian Assanjı aprelin 11-i Londonda həbs olunub.

2006-cı ildə yaradılan "Vikiliks” saytı ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc etməklə populyarlaşıb. ABŞ-da buna görə Culian Assanja cinayət işi qaldırılıb.

İsveçdə isə jurnalistə zorlama ittihamı verilib. 2010-cu ildə Culian Assanj Londonda bu iş üzrə tutulub, girov müqabilində azadlığa buraxılıb. 2011-ci ildə məhkəmə onun İsveçə təhvil verilməsi haqda qərar çıxarıb, bu iş 2012-ci ilin iyun ayınadək uzanıb. Culian Assanj həmin il iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayıb.

Bu ilin aprel ayında Ekvador hökuməti siyasi sığınacağın başa çatdığını bəyan edib və Culian Assanjın səfirlikdən çıxmasını istəyib. Aprelin 11-də polis əməkdaşları Ekvadorun Londondakı səfirinin dəvəti ilə diplomatik nümayəndəliyə gələrək jurnalisti tutublar.

Culian Assanjın həbsinin ABŞ-da və İsveçdə qaldırılmış cinayət işləri ilə bağlı olduğu da açıqlanıb. Bu işlər üzrə dinləmə mayın 2-nə təyin olunub.
 
Novator.az