17:14, 05 Oktyabr 2019 (Şənbə) 1038

Vilayət Eyvazov "102" xidməti ilə bağlı əmr imzaladı

Vilayət Eyvazov
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması ilə əlaqədar əmr imzalayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat yayıb.
 
Əmrə əsasən, cinayətlər barədə «102» Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır.

Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır.