Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib.
Bu barədə "Arqument.az" saytı məlumat verib.
V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.
Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı "Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.
Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.
1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib.
15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.
Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi uğurlarından birini 1992-ci ildə gerçəkləşdirib.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.
2014-cü ildən Azərbaycan Demokratik Rifah Hərəkatının sədr müavini olub.
XƏBƏRLƏR