19:26, 16 May 2019 (Cümə axşamı) 83

Xalq Cəbhəsi partiyasının sədr müavini Baş Polis idarəsinə çağrılıb

Xalq Cəbhəsi partiyasının sədr müavini Baş Polis idarəsinə çağrılıb
Mayın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis idarəsinə çağrılıb.

Bu barədə Fuad Qəhrəmanlı öz facebook hesabında məlumat verib.

"3 nəfər polis əməkdaşı yaşadığım mənzilə gələrək, mənə saat 17:00 radələrində Bakı Şəhər Baş Polis idarəsinə gəlməyimlə bağlı rəsmi çagırış verdilər. Gedək görək niyə çağırırlar, nə deyəcəklər. Bəlkə də həbsdən buraxdıqlarına görə peşman olublar", - o bildirib. 

İdarədən çıxan Fuad Qəhrəmanlı açıqlama verib ki, onunla İctimai Təhlükəsizlik idarəsinin rəisi Nurlan Məmmədxanlı ilə görüşdüm. Mənə rəsmi xəbərdarlıq elədilər: "Çağırılma səbəbi kimi yazılarımda, çıxışlarımda ölkədə ki sabitliyə xələl gətirdiyim deyildi. Belə hal təkrarlanarsa, mənə qarşı qanuni tədbir görəcəklərini dedilər".

Fuad Qəhrəmanlı isə bu xəbərdarlığı əsassız adlandırıb: "İndiyə qədər çıxışlarımda, "facebook" yazılarımda heç bir qanuna zidd bir hərəkət olmayıb".

F.Qəhrəmanlı Nardaranda xüsusi əməliyyat zamanı güc qurumlarının hərəkətlərini pislədiyinə və saxlanılan dindarların əsassız təqib olunduğunu tənqid etdiyinə görə 2015-ci il dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il azadlıqdan məhrum edilib.

2019-cu il martın 17-də Prezident imzaladığı əfv fərmanı ilə azad edilib.
 
Əbülfət Baxşəli