13:39, 21 Noyabr 2019 (Cümə axşamı) 73

Xanımı: "Oqtaya antibiotiklər vurulur"

Xanımı:
"Oqtayın vəziyyəti ağır olaraq qalmaqda davam edir".

Bunu bu gün, noyabrın 21-də AzadlıqRadiosuna Türkiyənin İstanbul şəhərindəki "Amerika xəstəxanası"-nda müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur: "Amma indi ağciyərində, qanında olan infeksiyaya qarşı antibiotiklər vurulur".

F.Gülalıyeva bildirib ki, həkimlər O.Gülalıyevin səhhətiylə bağlı hər hansı rəy və açıqlama vermirlər.

O.Gülalıyevin xanımının bu açıqlamasına, hələlik, sözügedən xəstəxananın özündən münasibət almaq mümkün olmayıb.

Noyabrın 20-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbuldakı "Amerika xəstəxanası"nda əməliyyat olunduğu bildirilir.

Bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva AzadlıqRadiosuna danışıb: "Əməliyyat 2 saat davam etdi. Əməliyyat zamanı beynindəki qanlı sular yenidən təmizlənib və beyninə "trubka" qoyulub. Həkimlərin deməsinə görə, müalicə davam edəcək. Xəstənin səhhətində irəliləyiş olub-olmayacağı bu müalicə prosesində bilinməlidir".
 
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.