15:10, 05 Yanvar 2019 (Şənbə) 936

Xaricdə təhsil almaq üçün hara müraciət etməli?

Xaricdə təhsil almaq üçün hara müraciət etməli?
Xaricdə təhsil almağı çoxu arzulasa da, hər kəsə nəsib olmur. 

Kimisinə qəbul şərtləri ağır gəlir, kimisi təqaüd tapmır, kimisi də, heç necə  müraciət formaları olduğunu belə bilmir. Nəzərə alsaq ki, təhsil pillələrinin hər biri üzrə bu şərtlər dəyişir, o zaman oxumaq istəyənlər üçün də lazımlı informasiyanı tapmaq  çətinləşir.

Ən çox üz tutulan Macarıstan və Almaniyada təhsil almaq üçün nə etməli? Suala cavab tapmaq üçün bu işdə yaxından təcrübəsi olan tələbələrə müraciət etdik.
 
Macarıstanda magistr pilləsi üzrə təhsil

"Əgər tam təqaüd qazanılıbsa, burada yaşamaq çox rahat olacaq”

Mərkəzi Avropa Universitetində (CEU) təhsil alan Nərgiz Muxtarova belə deyir. O, universitetin daxili təqaüd proqramı ilə təhsil alır: "Mərkəzi Avropa Universitetinin daxili təqaüdü ilə oxuyuram. Əslində mən iki təqaüd proqramına müraciət etmişdim. Ancaq biri bir il sonra üçün nəzərdə tutulmuşdu deyə elə bu təqaüd proqramına müraciət etmiş sayılıram. Mənə verilən ixtisasda və daxili təqaüddə müraciət 2 mərhələlidir. Hüquq departamentindən, insan haqları üzrə müraciət edənlərdən ilk mərhələdə esse tələb olunur.  Onlar tərəfindən verilən mövzuda inşa yazılmalıdır. Mənim ixtisasıma aid mövzu belə idi ki, bir il ərzində ölkədə baş vermiş ciddi bir hüquq pozuntusunu  beynəlxalq və regional standartlara uyğun formada yaz. Qəbul prosesi iyun ayına kimi davam edir, lakin əgər universitetin daxili təqaüdünə  müraciət etmək istəyirsənsə, gərək fevralın birinə kimi esseni tamamlayıb, göndərəsən. Çünki fevralın birindən sonra universitetin daxili təqaüdü üçün qeydiyyat başlayır. Təqaüd şərtlərində böyük bir tələb yoxdur. Məsələn, özlərinin təyin etdiyi, daha öncə ödənişli əsaslarla təhsil almısınızmı, başqa təqaüd proqramından və ya ailədən dəstəyiniz varmı və s. kimi suallar verilir. 500 sözlük qısa esse ilə nəyə görə bu təqaüdə ehtiyacımızın olduğunu izah etməliyik. Martın əvvəllərində 2-ci mərhələ başlayır. Əgər birinci mərhələdən keçmişiksə, 2-ci mərhələdə müsahibə olur. Bu mərhələdə 24 saat əvvəl müraciətçiyə bir iş göndərilir. Müsahibədə həmin iş müzakirə olunur və o ətrafda əlavə suallar verilir”.

Nərgiz Muxarova təqaüdün yetərli qədər olduğunu deyir: "Universitetin daxili təqaüdü əsasında verilən tam təqaüd 350 arvrodur. Mən yarım təqaüd alıram. Bu isə 150 avro edir. Bundan başqa, yataqxana ilə təmin olunuram. Təqaüdün alınması üçün bir çox universitetdə birinci bankda hesab açılmalıdır və təqaüd həmin hesaba köçməlidir. Lakin gələn kimi bankda hesab açdırmaq bir az problemli məsələdir və bir xeyli vaxt alır. Xəşbəxtlikdən mənim oxuduğum Mərkəzi Avropa Universiteti  bütün bu çətinlikləri nəzərə alaraq, birinci ayın təqaüdünü nəğd şəkildə verir və təqaüdün verilməsində heç bir gecikmə olmur. Hər ayın 4-ü təqaüd hesabıma köçür. Əgər tam təqaüd qazanılıbsa, burada yaşamaq çox rahat olacaq. Çünki belə  tələbə  yataqxana ilə təmin olunur və heç bir kommunal xərc ödəmir. Lakin mən 150 avro alıram, bu isə minimal xərclərləri, təməl ehtiyacları ödəmək üçün bəs edir. Mənim oxuduğum universitetin tələbələri akkreditasiya problemi ilə üzləşirlər. Məsələn, mən macar tələbə kartı ala bilmirəm, buna görə də, gediş haqqı mənim üçün yerli tələbələrlə müqayisədə daha bahadır. Lakin demək olar ki, ancaq mənim ixtisasımda olan tələbələr bu problemi yaşayır. Digər ixtisaslarda belə hallar yoxdur”.

Macarıstanda magistr pilləsi üzrə təhsil alan Elmir Türkel isə təqaüdü proqramlara müraciət edərək əldə edib: "Macarıstanda proses digərlərinə baxanda çoxmərhələlidir.

İlk olaraq "Stipendium Hungaricum” (SH Macarıstan tərəfinin onlayn portalı) adlanan sistemdən qeydiyyatdan keçmək, daha sonra 3 universitet seçmək (bu il artıq 2-ə endiriblər) və bütün lazımi sənədləri o sistemə yükləmək lazımdır. Minimal tələbələri qarşılayan uğurlu namizədlər müsahibə mərhələsinə dəvət alır. Müsahibədə daha çox ixtisas bilikləri və vətənpərvərlik, vətənəmizin tarixi haqqında suallar yer alır. Daha sonra ilkin mərhələdə seçdiyimiz universitetlərin birincisindən başlayaraq, qəbul testləri göndərilir (bu, hər universiteti görə fərqli olur). Məndə, səhv etmirəmsə, 4 mərhələdən ibarət idi; ilkin müsahibə, sorğu-sual, proqramlaşdırma testi və yekun müsahibə. Üçüncü mərhələdən və Təhsil Nazirliyinin müsahibəsindən keçmiş şəxslərin siyahısı isə Tempus Fonduna göndərilir. Bu, programı maliyyələşdirən fonddur. Daha sonra yekun qərarı Tempus Fondu verir”.

Elmir Türkel deyir ki, SH təqaüdü üçün ixtisasınız ilkin olaraq Təhsil Nazirliyinin prioritet cədvəlində olmalıdır: "Magistr üçün 6.5 "IELTS” (heç bir bölmə 6.0-dan aşağı olmamaq şərt ilə ), texniki sahələr üçün 400, humanitar sahələr üçün isə 500 və DİM balı. Təbii ki, bunlar minimal göstəricilərdir. Qəbul prosesinin həyata keçirilməsində digər faktorlar da rol oynayır (motivasiya məktubu, düzgün ixtisas seçimi, universitet tərəfindən qəbul ala bilmək və s.)”.

Elmir Türkel qeyd edir ki, SH təqaüdünün  vaxtını uzatmaq da mümkündür: "Təqaüd proqramı universitetimin illik təhsil haqqını ödəyir. Bu, təqribən 6000 avro deməkdir. Bundan başqa, aylıq ödənişi təqribi  130 avro olan yataqxana xərcləri də  qarşılanır. Təbii ki, bu məbləğ Avropada bir aylıq yaşam üçün heç də böyük məbləğ deyil. Buna görə də əlavə gəlir mənbəyinin olması daha yaxşı olar. Hətta təqaüdü itirmək də mümkündür. Əlbəttə, əgər hər semester üçün 18 kredit limitinə çatılmasa, yəni təxminən götürülmüş fənlərdən 4-5-ni uğurla tamamlaya bilməsə, tələbə təqaüddən azad ola bilər. Lakin SH təqaüdünün bir ən müsbət cəhəti odur ki, tələbə sonuncu kursda 1 neçə fəndən (yaxud yalnız 1) kəsilsə, Tempus Fondu təqaüd vaxtını uzadır. Növbəti 6 ay üçün tələbə eyni qaydada təqaüd alır. Ümumilikdə 1 ilə qədər uzatmaq mümkündür”.

Almaniyada magistr dərəcəsi üzrə təhsil

Bakalavrı Böyük Britanyanın Birmingem Universitetində, magistr dərəcəsini isə hazırda Almaniyanın Boxum şəhərindəki Ruhr-Universitetində oxuyan Coşqun Abdullayev sadəcə universitetin saytında qeydiyyatdan keçərək qəbul olduğunu deyir: "Universitetə qəbul prosesi heç bir ödəniş etmədən, onlayn  müraciət vasitəsilə  oldu. Almaniya universitetlərinin əksəriyyəti "unii-assist”  prosesi ilə  tələbələri qəbul edir. Amma mənim istədiyim universitet üçün bəzi sənədlər lazım oldu. Universiteti qazanmaq üçün hazırlaşmaq lazım deyildi. Sadəcə  bakalavr  transkripti, akademik özkeçmiş baxımından daimi performans göstərmək lazım idi . Əlbəttə, SV və motivasya məktubu da çox önəm daşıyır”.

Almaniyada doktorantura pilləsində təhsil

"Sizin ilk uğurunuz sizə uyğun elmi rəhbərin tapılmasıdır”, - Almaniyada doktorantura üzrə təhsil alan Heydər Mirzə belə deyir: "Əsas məqam odur ki, qəbul proseduru bütün dünyada standart bakalavr və magistr proqramlarına qəbul prosedurundan fərqlənir. Adətən, bakalavr və magistr proqramlarında, qəbul prosesi müraciət (anket) və əlavə sənədlərin (TOEFL və GRE, GMAT testlərinin nəticələri daxil) toplusunun universitetə göndərilməsindən başlanırsa, doktoranturada əsas və birinci addımlar tədqiqatın mövzusunu müəyyənləşdirmək, tədqiqat təklifi yazmaq və tədqiqat rəhbəri tapmaqdır. Bunların ən çətini elmi rəhbər tapmaqdır. Çünki mövzular fərqli olur. Sadəcə araşdırma mövzusunun keyfiyyəti önəmli deyil. Elmi rəhbərinizin əhvalından, xarakterindən, sizə və ölkənizə olan münasibətindən çox şey asılıdır. İlk uğurunuz sizə uyğun elmi rəhbərin tapılmasıdır.
Bundan sonra elmi rəhbəriniz razıdırsa, əsas rol ona keçir. Sizin universitetdəki növbəti prosedurları keçməyinizə kömək edir. Yəni komitədən keçirir, köməkçi elmi rəhbərlər tapır və s”.

Heydər Mirzə deyir ki, təqaüdə gəldikdə, Almaniyada fərqli fərqli təqaüd proqramları var: "DAAD (Almaniya Akademik Mübadilə Sistemi) ümumi və sadəsidir. Oradan təqad almaq asandır. İxtisaslaşmış fondlar da var, lakin onlar PhD dissertasiyalarının maliyyələşdirilməsində daha dar çərçivəli tələblər qoyurlar. DAAD isə geniş kütləni əhatə edir. DAAD-ın başqa bir üstünlüyü təqaüddən başqa ev kirəyəsini, sığortanı (ailə üzvləri daxil olmaqla) və ildə, səhv etmirəmsə, bir dəfə vətənə səyahəti maliyyələşdirməsidir. Bu məbləğ kifayətdir ki, tələbə yalnız təhsili və kefi haqqında düşünsün, işləməsin. DAAD-ın başqa üstünlüyü həm də şəbəkələşmədir. Təqaüdçülər daima DAAD tədbirlərinə, konfranslara dəvət olunurlar ki, sonradan işlə təmin olunmaqda və ümumən şəxsi şəbəkənin genişlənməsində kömək edir. Amma bir məsələ də var ki, PhD tələbələrin təqaüd almasında da elmi rəhbərin rolu çox böyükdür. Onun oraya yazdığı məktubun keyfiyyətinin və şəxsi nüfuzunun təsiri böyük olur. Elə hallar olub ki, super keyfiyyətli tələbə super keyfiyyətli dissertasiya yazır, lakin elmi rəhbər cavan, təcrübəsiz, hörməti az olduğundan, ona təqaüd verilmir”.

Əminə Məmmədova
Toplum.Tv