16:47, 21 Sentyabr 2019 (Şənbə) 911

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Neftçilər sahilə çıxarılıb

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Neftçilər sahilə çıxarılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamenti bildirib ki, saat 15:00-a olan məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.
 
Havanın pis keçməsiylə bağlı SOCAR-da məlumat verib.

Bildirilib ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub: "Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb".

Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır: "Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.