21:13, 06 Sentyabr 2019 (Cümə) 157

"Xidməti ev" söhbəti, sadəcə, test üsulu idi, yəni ağıllı olun, ev bizimdir"

Prezident İlham Əliyevin sərəncamı ilə ilk dəfə 2013-cü ildə müxtəlif media orqanlarında çalışan jurnalistlərə mənzil təqdim edildi. O gündən də mənzil məsələsi ara-sıra medianın, sosial şəbəkələrin gündəminə çevrildi. 

Jurnalistlərin mənzillə təmin olunması məsələsi hələ 2010-cu ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının  təşkilatçılığı ilə  "Milli mətbuatın 135 illik yubileyi: Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması yolları"  adlı dəyirmi masada müzakirə olunub və məsələ ilə bağlı prezidentə jurnalistlərin adından müraciət olunub. İndiyə qədər 2013 və 2017-ci illərdə 400 jurnalist mənzillə təmin olunub. 2020-ci ildə isə yeni tikiləcək binada daha 255 jurnalistin evlə təmin olunması planlaşdırılır. Ümumilikdə ilk iki bina üçün prezidentin büdcədəki ehtiyat fondundan 22 milyon manat vəsait xərclənib.

Bir çox media nümayəndəsi tərəfindən bu addım təqdirəlayiq hesab olunub, dövlət dəstəyi kimi qəbul olunsa da, müxtəlif jurnalist və siyasətçilər sosial şəbəkə və saytlarda  məsələyə əks münasibət bildiriblər.

KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin "Yeniçağ.az”a müsahibəsində jurnalistlərin 2-ci binasındakı mənzillərin kupça məsələsini müzakirə edərkən mənzilləri "xidməti evlər kimi” adlandırması müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə həmin evlərin jurnalistlərə hər hansı xidmət qarşılığında verilməsi fikirləri irəli sürülmüşdü. Hətta həmin binada yaşayan jurnalistlər sentyabrın 4-də mənzillərinə kupça verilməsi üçün prezidentə müraciət də etmişdi. 

Sonradan  Vüqar Səfərli "Lent.az”a müsahibə verərək işlətdiyi kəlmənin yanlış anlaşıldığını söylədi. Bəs əslində necədir? 

Demokratik cəmiyyətlərdə jurnalistlərin hökumət və ya hökumət nümayəndələrindən hər hansı hədiyyə, mənzil və s. alması doğrudurmu? Dövlət dəstəyi dedikdə nə nəzərdə tutulmalıdır? 

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli jurnalistika peşəsinin  xüsusiliyini vurğulayıb: "Hakimiyyətin 3 qolu var: qanunverici, icra və məhkəmə. Jurnalistlər bu 3 qola nəzarət edən 4-cü qoldur. 4-cü hakimiyyət – jurnalistika hakimiyyətin içində və ya yanında yox, qarşısında olmalıdır. Çünki o cəmiyyətin adına fəaliyyət göstərir. Medianın yuxarısı hökumət, aşağısı isə cəmiyyətdir. Media bu çərçivədə fəaliyyət göstərməlidirsə, o zaman həmin medianın hansısa tərəfdən sistemli şəkildə dəstəklənməsi və hansısa tərəfə yapışması, nəticə etibarilə onun öz funksiyasından uzaqlaşmasıdır. Bu zaman media müstəqil, tərəfsiz olmayacaq”.
 


Ekspert bildirib ki, Azərbaycanda jurnalistlərin fəaliyyət imkanları məhduddur. Belə ki, konstitusiyada məlumat azadlığının təminatçısı olan hökumət həm də jurnalistlərə məhz azad mühit yaratma öhdəliyi daşıyır. Bu baxımdan hökumət nəsə etməlidir. Amma hökumət görülən işə qarışmaqla yox, əksinə jurnalistlərə qarşı gələn prosesləri durdurma, azad mühit yaratma və jurnalistə hər hansı basqı varsa, zamanında araşdırıb məsuliyyətə cəlb etməklə nəsə etməlidir. Dövlət bu baxımdan fəaliyyət göstərməlidir”.

Ələsgər Məmmədlinin sözlərinə görə Azərbaycanda maaşların aşağı olması, qara iqtisadiyyat və s. səbəblər jurnalistləri çətin vəziyyətə salır. Belə olan halda jurnalist özünün ehtiyaclarını qarşılaya bilmədiyi üçün başqalarına boyun əyməli olur: "Hökumət də bundan çox rahat şəkildə istifadə edir və bu məqamda jurnalistlər üçün bəlli imtiyazlar yaradır. Bəlli imtiyazlar alan jurnalist də o imtiyazı verən tərəfi tənqid edə bilmir”.

Ekspert əslində hökumət qayğısının necə olması barədə də danışıb: "Hələ 2010-cu ildə jurnalistlərə ev verilmə məsələsi gündəmə gələn zaman biz demişdik ki, jurnalist dövlətdən ev yox, azad mühit, azad təminat alar. Həmin çərçivədə jurnalist öz evini, qələmini, həmçinin yaşayışını da təmin edər. Amma bu, bizdə baş vermir. "Hökumət qayğısı” altında jurnalist artıq gözlərini, ağzını qapamalı, qulağını zaman-zaman tıxamalıdır. Hökumət qayğısı o vaxt olar ki, jurnalistlər vergidən azad olunar, qəzetlər və media rüsum və vergilərdən azad edilər, reklam bazarına ayrılan biznesdən gələn pulun vergidən düşürülməsi təmin olunar və s. Müəyyən addımlar ataraq jurnalistə dəstəyi formalaşdırmaq olar, daha birbaşa pul vermək, yaxud ev vermək yox”.

O, jurnalistlərin ev və ya hədiyyə almaqla öz etik kodekslərinə əməl etmədiklərini də vurğulayıb: "Unutmayaq  ki, jurnalistlərin özü 2003-cü ildə formal olaraq da olsa Mətbuat Şurası yaratdılar və bu şuranın jurnalistlərin davranış qaydalarının yer aldığı etik kodeksi var. Həmin qaydalara əsasən jurnalistlərin hər hansı şəxsdən və ya qurumdan hədiyyə alması qadağan olunur. Mətbuat Şurasının saytında həmin kodeks olduğu kimi qalır”.

Həmçinin Ələsgər Məmmədli hökumətin pulu səhiyyəyə, təhsilə və s. xərcləməyib jurnalistə verməsini onlardan hər hansı gözləntisinin olması kimi qiymətləndirib. 
Jurnalist Aynur Elgünəş də məsələyə oxşar münasibət bildirib: "Dövlət qayğı göstərirsə, təhlükə görmədiyi zümrəyə, məsələn, fəhləyə, müəllimə, həkimə də ev versin və bu cür reklam etsin”.

Onun sözlərinə görə, jurnalist yalnız qeyri-hökumət təşkilatlarından və fondlardan mükafat ala bilər, amma kommersiya qurumlarından və ya dövlət orqanlarından hədiyyə, pay, mükafat almaq olmaz.

Aynur Elgünəşin sözlərinə görə jurnalist işinə dövlət qayğısı o zaman olar ki, hökumət reklam bazarına müdaxilə etməsin, medianın işini əngəlləməsin, hamıya çıxış imkanı yaratsın və s. 

"Bu zaman saytlar, qəzetlər, tv-lər oxucu qazanmaq üçün daha peşəkar işləyəcəklər, rəqabət olacaq və nəticədə ən çox oxunan media orqanı da reklam qazanacaq. Reklam gəlirləri dolanmaq üçün kifayət edir”, - o deyib.  

Jurnalist yekunda mövcud vəziyyəti belə izah edib: "Bir sözlə, medianın azadlığı məhdudlaşdırılması, yaşaması və dolanması üçün kifayət qədər qanuni yollar var. Hökumət isə hamısını əngəlləməklə özününküləşdirir, özündən asılı vəziyyətə salır. "Xidməti ev" söhbəti sadəcə bir test üsulu idi, yəni, ağıllı olun, ev bizimdir, yolunuzu dəyişsəniz, evi də itirəcəksiz”.
 
Şəhla Abbas