21:15, 09 Yanvar 2021 (Şənbə) 67

XİN: “62 nəfərdən ibarət terrorçu-diversant qrupu həbs edilib”

XİN: “62 nəfərdən ibarət terrorçu-diversant qrupu  həbs edilib”
FOTO: google.az

"Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavab bəyanatında belə deyilir.

XİN-nin açıqlamasında həmçinin qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində saxlanaraq istintaqa təhvil verilib:

"Saxlananların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir".

XİN bildirir ki, qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar var.

XİN-nin bəyanatında qeyd olunur ki, "Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəs əldə ediləndən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün beynəlxalq humanitar hüquqa görə bi şəxslər hərbi əsir hesab edilmirlər və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar".