20:11, 11 May 2019 (Şənbə) 36

XİN: "Mxitaryanın Bakıya gəlməsində problem yoxdur"

XİN:
Azərbaycan Xarici İşlər Nazirliyində Londonun "Arsenal" klubunun yarımmüdafiəçisi, milliyyətcə erməni olan Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalında "Çelsi"yə qarşı matçda iştirak etmək üçün ölkəyə gəlməsində heç bir problemin olmadığını bildiriblər.

"Azərbaycanda çoxlu mühüm idman tədbirləri keçirilib və onlarda erməni idmançılar da iştirak ediblər. İdman və siyasət bir-birindən ayrıdır", - XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Azərbaycan bundan öncə də 2015-ci ildə Avropa Liqasının oyunları çərçivəsində Mxitaryanın "Qəbələ" klubu (Qəbələ) ilə oynamaq üçün "Borussiya" klubunun (Dortmund) tərkibində, 2018-ci ildə isə "Qarabağ" klubu (Ağdam) ilə oynamaq üçün "Arsenal"ın tərkibində Bakıya gəlməsinə etiraz etməyib. Lakin Mxitaryan Azərbaycana gəlməkdən imtina edib.

Dövlət Turizm Agentliyi digər dövlət strukturları, Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə və gələn turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradılmasına tam hazır olduqlarını bildiriblər.

Mayın 29 və 30-da AZAL tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa reysi ilə yanaşı əcnəbi azarkeşlər üçün 40-dən çox çarter reysi təşkil olunacaq. Bundan əlavə, finala çıxan klublar, UEFA Avropa Liqası və AZAL arasında əlavə çarter reyslərinin təşkilinə dair danışıqlar aparılır.

Azərbaycanın dövlət qurumlarının məlumatına görə, Bakıda keçiriləcək final oyununa 30-35 mindən çox azarkeşin gəlişi gözlənilir. 
 
Turan İA