Bu ilin martında prezident İlham Əliyevin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi.
Onun əsasında 3 yeni qurum yaradıldı. Bunlardan biri də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir (XRİTDX).
"Daha öncə bölmə idi, indi Xidmət oldu”
Hüquqşünas Ələsgər Məmmədli Toplum TV-yə bildirir ki, yeni Xidmətin yaradılmasında məqsəd kommunikasiya təhlükəsizliyinin qorunması və dövlət obyektlərinin informasiya təhlukəsizliyini təmin etməkdir: "Bu sahə üzrə xüsusi mühafizə xidməti var idi və nəzarəti o edirdi. Sadəcə indi funksiya, iş bölgüsü ayrılıb. Daha öncə orda bir bölmə kimi fəaliyyət göstərirdi, indi ayrıca Xidmət kimi müəyyən ediblər. Bilirsiz ki, dövlət artıq onlayn rejimdə çox sayda xidmət göstərir və həmin xidmətlərin davamlı və təhlükəsiz olması üçün xüsusi tədbirlər görülməlidir. Bu tədbrləri görə biləcək qurum məhz bu Xidmətdir”.
Hüquqşünas həmçinin qeyd edir ki, bir qurumu parçalayıb üçünü yaratmaq dövlət idarəetmə üsulunun effektivliyi baxımından yanlışdır. Onun fikrincə, bu işlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Təhlükəsizliyi bölməsi də məşğul ola bilərdi: "Birdən çox vəzifəli, səlahiyyətli şəxslər, birdən çox struktur... Eyni işi görə biləcək qurumları fərqli, yeni qurumlar yaradaraq iş bölgüsünü genişləndirmək əslində effektiv idarəetmə deyil. Yaxşı idarəetmə, effektiv idarəetmə daha çox təmərküzləşmiş və mərkəzləşmiş, birdən çox iş görən qurumun olmasıdır. Bu daha faydalıdır. Nəinki hər qurum hərə ayrı-ayrılıqda eyni işi görsün”.
"Müstəqil Xidmətin yaradılması daha məqsədəuyğundur”
2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olmuş İlham İsmayıl fərqli fikirdədir. Onun fikrincə, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müstəqil Xidmətin yaradılması daha məqsədəuyğundur.
"İstər xüsusi rabitəni, istərsə də informasiya təhlükəsizliyini məhz kənar xidmət həyata keçirəndə və nəzarət edəndə daha effektlidir. Bunu həyata keçirən kadrlar da xüsusi hazırlıq keçmiş əməkdaşlar olur. Deyə bilərsiniz ki, bu xidməti elə Rabitə Nazirliyinin nəzdində yaratmaq olmazdımı? O zaman da əlavə nəzarət strukturuna ehtiyac yaranacaqdı”, - İ.İsmayıl bildirir.
O, eyni zamanda qeyd edir ki, mövcud idarəetmə sistemində bəzən iradi qərarlar da qəbul olunduğundan məsələnin tam mahiyyəti məlum deyil.
"Son dəyişiklik də o yanlışlar zəncirinə daha bir halqa əlavə etməkdir”
Ələsgər Məmmədli isə hesab edir ki, sözügedən dəyişkliklər 2017-ci ildəki kimi saytların bloklanmasına və ifadə azadlığının azaldılmasına təsir göstərə bilər.
Hüquqşünasın sözlərinə görə, Konstitusiyanın 50-ci, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ifadə azadlığını, o cümlədən informasiya azadlığını müəyyən olunandan artıq məhdudlaşdırmağa yol vermir.
"2017-ci ildə ilk dəfə bu qanunvericiliyə bir fəsil əlavə olunanda biz qeyd etmişdik ki, o hüquqi baxımdan legitim deyildi. Məhkəmə nəzarəti olmadan birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar Nazirliyinin səlahiyyəti çərçivəsində bloklama hüququ verilirdi. Daha sonra onun tətbiqi zamanı göründü ki, bundan sui-istifadə edilir. Əslində qadağan olunmuş informasiya "qadağan olunmuş” yox, hökumətin xoşlamadığı informasiyadır və onu yayanlar bütünlüklə bloklanır. Son dəyişiklik də faktiki olaraq o yanlışlar zəncirinə daha bir halqa əlavə etməkdir. Həmin müddəanın bu formada gətirilməsı və məhkəmə nəzarəti olmadan birbaşa nazirliyin bloklama səlahiyyətinin qalması yenə də subyektiv səbəblərdən və legitim olmayan əsaslardan media azadlığına müdaxilə sayılacaq”, - hüquqşünas bildirir.
Yeni Xidmət telefonları dinləyə bilər?
2015-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və çox sayda yüksək vəzifəli əməkdaş məhkum edildi. Nazirliyinin bir sıra yüksək vəzifəli işçiləri vəzifə səlahiyyətlərini aşmaqda, "gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması”nda da ittiham olunurdular.
O zaman ölkənin yüksək vəzifəli şəxslərinin, yaxınlarının telefon danışıqlarının dinlənilməsi haqda da qeyri-rəsmi ittihamlar səslənməkdə idi. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sədr müavini olmuş Sülhəddin Əkbərin sözlərinə görə yeni yaradılmış Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də bu məqsədlə istifadə oluna bilər.
"Ümumiyyətlə, qanuna görə məhkəmə qərarı olmadan heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz. Amma bir qayda olaraq bütün dövlətlərdə kəşfiyyat xidmətləri, ümumiyyətlə, xüsusi xidmətlər məhkəmə qərarı olmadan prinsipcə dinləmələrdən istifadə edə bilərlər. Xüsusən də qeyri-demokratik ölkələrdə bu praktikadan geniş istifadə olunur. O baxımdan Azərbaycanda da yaxın tariximizdə də bu xidmətdən qanunsuz şəkildə geniş istifadə olunub. Prinspcə indi də istifadəsi mümkündür”, - keçmiş nazir müavini belə hesab edir.
S.Əkbər qurumların qanun çərçivəsində fəaliyyət göstərməsini vacib sayır.
Toplum TV mütəxəssislərin səsləndirdiyi iddialarla bağlı rəsmi qurumlardan açıqlama ala bilməyib.
Arzu Çinarlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.