15:42, 15 Oktyabr 2019 (Çərşənbə axşamı) 497

“Yaradıcılıq elə bir şeydir ki, ruhundan gəlməlidir" - Reportaj

“Yaradıcılıq elə bir şeydir ki, ruhundan gəlməlidir
23 yaşlı Nəzrin Sayılova oyuncaqlar toxuyur. 

Əvvəlcə məşğuliyyət kimi başladığı iş indi əsas işinə çevrilib. 

Nəzrin Sayılova Sumqayıt Dövlət Texniki Kollecinin Gömrük ixtisasını bitirib. 

Sonra da ailə qurub və hazırda Sumqayıtda yaşayır. 

Deyir ki, 3 il əvvəl qızının dünyaya gələndən sonra toxunma oyuncaqlara marağı yaranıb.

"Öyrəşdikdən sonra imtina edə bilmədim”

İlk toxumalarını "Youtube” kanalına baxaraq öyrənən gənc ana sonradan öz ideyalarını tətbiq etməyə başlayıb. Daha sonra sosial şəbəkələrdə özünə səhifə açıb, əl işlərini satışa çıxarıb. Səhifənin adını da qızının adına uyğun olaraq "nurgul.design” qoyub. 

"Həmişə hər şeyə marağım olub”

Nəzrin deyir ki, yeniyetmə yaşlarından başlayaraq özünü bir çox sahədə sınamaq istəyib, tibb bacısı, kompüter mütəxəssisi olmağı düşünüb, ancaq şəxsi həyatındakı problemlərə görə heç bir istəyi alınmayıb. Bununla belə, özünü hansısa sahədə təsdiqləmək istəyi onu sahəyə gətirib çıxarıb.

"Oyuncaqları toxuduqdan sonra onları  fotosessiya etməliyəm”

Nəzrin deyir ki, oyuncaqları toxuduqdan sonra onları fotosessiya etmək,  toxumaq qədər zövq verir. Onların şəkillərini çəkmək onun üçün çox önəmlidir.

"Əl işlərimin qiymətlərini soruşanlar çox olur, ancaq bildikdən sonra istəyənlər azalır”
 


Nəzrinin sözlərinə görə, belə oyuncaqlar xarici ölkələrdə onun söylədiyi qiymətlərdən 2-3 dəfə baha satırlar: "Bəzi müştərilər olur, deyir ki, bahadır, bəziləri isə ucuz olduğunu düşünür. Daimi müştərilərim var, onlar qiymətlə razılaşır”.

"Yaradıcılıq elə bir şeydir ki, onu ancaq özün istəməlisən, ruhundan gəlməlidir. Toxumaq, nəsə yaratmaq vaxt aparan, xırdalıqları  çox olan yorucu bir işdir və  yorğunluğu, sadəcə, içindən gələn  həvəs və sevgi aparır”, - Nəzrin deyir.

"Məncə, hər uşağın  sağlam uşaqlıq dostu –oyuncağı olmalıdır”  
 


Nəzrin Sayılova plastik oyuncaqları bəyənmir, onların uşaqlar üçün ziyanlı olduğunu deyir: "Gəlinciklərin belə saçları tez tökülür. Toxunma oyuncaqlarda isə saplarla, sağlam iplərlə hazırlanır deyə qollarının, ayaq hissələrinin qırılma ehtimalı olmur. Ən gözəl tərəfi yuyulduqda saçları tökülmür, uzun, möhkəm saçlarla uşaqlar istədikləri qədər oynaya bilərlər”.

"Qızımın  oyuncaqların saçlarını əkərkən kömək etməsi məni daha da sevindirir”, - Nəzrin Sayılova bildirir. 

Qızının artıq 3 yaşı var. Ana hesab edir ki, onun məşğuliyyəti həm də qızının psixologiyasına yaxşı təsir edir: "Oyuncaq toxumağın gözəl tərəflərindən  biri də uşaqlarla bağlıdır. Evdə analarını belə şirin, gözəl işlə məşğul olması onlarda xoş təəssürat yaradır. Ümumiyyətlə, yaradıcı insanların ürəkləri gözəl olur və gözəl olmayan ürəklər gözəllik yarada bilməzlər”.
 


Elmar Əziz