15:00, 14 Yanvar 2020 (Çərşənbə axşamı) 110

"Yaxşı olar ki, İnam Kərimov nə qədər buğda idxal edildiyini desin"

"Azərbaycanda  taxıl istehsalı 7 faiz artıb”.

Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 13-də  Prezident  İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş  müşavirədə deyib.

O bildirib ki, keçən illə müqayisədə taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur.

"Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil edib, artım əvvəlki ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir”, - deyə İnam Kərimov bildirib.

Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Toplum TV-yə deyib ki, yaxşı olar, İnam Kərimov keçən il  ölkəyə nə qədər  buğda  idxal edildiyini desin: "Yalnız 11 ayda ölkəyə 1.5 milyon tona  qədər buğda idxal olunub. Bu, keçən ilkindən 400 min ton çoxdur. Bu, o deməkdir ki, ölkədə buğda istehsalı ciddi şəkildə azalıb”.

Vahid Məhərrəmov bildirib ki, bölgələrdə  apardıqları müşahidələr göstərir ki, keçən il sahələrdə alaq otları, xüsusən yabanı vələmir geniş yayılıb: "Yabanı vələmir yayılan ərazilərdə  taxıl istehsalı ciddi şəkildə aşağı düşür. Məhsuldarlıq 2 dəfə azalır. Bizim bölgələrdə fermerlərlə, taxıl əkini ilə məşğul olan kəndlilərlə görüşümüz zamanı onlar etiraf etdilər ki, həqiqətən də, 2019-cu ildə taxıl istehsalında məhsuldarlıq 2 dəfə aşağı düşüb. Təxminən ölkədə 1.7-1.9 milyon ton  taxıl istehsal olunub. Onlar isə rəqəmi şişirtməklə məşğuldurlar. Guya istehsalda artım var, məhsuldarlıq artıb. Əslində isə mənzərə tamamilə başqadır”.

Elmar Əziz