17:25, 07 Yanvar 2019 (Bazar ertəsi) 304

Yeddi nəfər aclıq aksiyasına başlayıb

Yeddi nəfər aclıq aksiyasına başlayıb
Aksiya Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirilir

Bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq tələbilə Müsavat partiyasının qərargahında başladılan aclıq aksiyası davam edir.

Müsavatın Divan üzvü Tofiq Yaqublu artıq 4 gündür ki, aclığı davam etdirir.

Dünən, yanvarın 6-dan aksiyaya daha 3 nəfər – ictimai fəal və AXCP üzvü Fatimə Mövlamlı, Müsavat Sumqayıt şəhər təşkilatının sədri Elşad İsrafilov və AXCP üzvü Yaşar Ferazi qoşulublar.

Bugün, yanvarın 7-də Fuad Rəhimli (Müsavat), Leyla Babayeva (bitərəf) və Tofiq Məmmədov (AXCP) aksiyaya qatılıblar.

Tofiq Yaqublu bildirib ki, aksiyanın məqsədi Azərbaycanda qanunların işləməsi, xüsusilə bloger Mehman Hüseynov və başqa siyasi məhbusların azad edilməsinə nail olmaqdır.

"Biz çalışırıq ki, bütün demokratik vasitələrdən istifadə edək. Necə alınacaq, bu, gələcəyin işidir. Mən Müsavat Partiyasının üzvü kimi təşkilatımızın xəttinə uyğun mübarizə aparıram”.

Professor Adil Qeybulla aclıq edənləri ziyarət edərkən deyib ki, mütləq mütəmadi olaraq su qəbul etməlidirlər.

"Aksiya tibbi qaydaya uyğun aparılmalıdır. İndi qrip yayıldığından onları ziyarət edənlər bunu nəzərə almalıdırlar”.

Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov, ona qarşı açılan yeni cinayət işinə etiraz əlaməti olaraq aclıq elan edib. 
 
Meydan Tv