19:30, 30 Sentyabr 2019 (Bazar ertəsi) 545

Yeni ipoteka mexanizmi necə olacaq? - CESD monitorinqi

Yeni ipoteka mexanizmi necə olacaq? - CESD monitorinqi
"İpoteka və Kredit Zəmanət Fondu mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuat ilə müntəzəm əməkdaşlıq etməlidir”.

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov ev almaq üçün Azərbaycanda yaradılacaq yeni ipoteka mexanizmi ilə bağlı deyib.

İlham Əliyev 25 yanvar 2019-cu ildə "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Fərmanın məqsədi ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsidir.
 
Prosesə məsul olan qurum İpoteka və Kredit Zəmanət Fondu tərəfindən məsələ ilə bağlı hələki rəsmi açıqlama yaymayıb. Buna görə də, prosesin hansı mərhələdə olduğunu müəyyənləşdirmək sadəcə monitorinqlər nəticəsində mümkündür. 

Bu sahədə monitorinq keçirən qurumlardan biri də İqtisadi və Sosial İnkişaf Mərkəzidir.

Mərkəzin rəhbəri Vüqar Bayramovun dediyinə görə, indiyədək bu layihə çərçivəsində artıq müraciət mexanizmi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var:
"Belə ki, fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir”. 

Ətraflı məlumat dedikdə, binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi nəzərdə tutulur.

Ekspert layihə çərçivəsində həmçinin "kirayə kalkulyatoru” hazırlanmasının nəzərdə tutulduğunu deyib. Burada məqsəd kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kalkulyator vasitəsilə ilkin olaraq müəyyənləşdirməkdir.

Monitorinqin nəticəsinə görə, kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. 

Layihə çərçivəsində ən çox müzakirə olunan məqamlardan biri də fondun maliyyə bazası ilə bağlı idi.

Monitorinqdə qeyd olunur ki, maliyyə bazası fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacaq. Belə ki, fondun Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qeydə alınan 110 milyon manatlıq istiqrazı var. Bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. 

Vüqar Bayramov fondun maliyyə cəlb edə bildiyini deyir: "Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə alaraq, fond bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəldib”.

CESD-in araşdırmasına görə, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir. Xüsusən də Xirdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. 

Vüqar Bayramov güman edir ki, fond marağın yüksək olmasını nəzərə alaraq müraciət başlayan zaman daha çox mənzil təklif etməyə çalışır: "Bunu tələbin müəyyən hissəsini qarşılaya bilmək üçün edir. Bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər”.

Prosesin necə davam etdiyi ilə bağlı rəsmi açıqlamalar hələ ki yoxdur. CESD monitornqində qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondunun "susqunluqunu” anlamaq çətindir. Çünki bu layihəyə ictimai tələbin və marağın yüksək olduğu bildirilib.

Uğur Fərzəli