10:40, 22 Yanvar 2019 (Çərşənbə axşamı) 489

Yeni sosial-iqtisadi göstəricilər

Yeni sosial-iqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.

Hesabata görə, ötən il Azərbaycanda 79 milyard 797,3 milyon manatlıq və ya 2017-ci illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib, qeyri-neft sektorunda əlavə dəyər 1,8 faiz, neft sektorunda 0,6 faiz artıb.

Əlavə dəyərin 44,2 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15 faizi digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8126,2 manat göstərilir.

Hesabata əsasən, 2017-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz, bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb.

Nəqliyyat sektorunda yük və sərnişin daşınmasının 2017-ci illə müqayisədə 1,5 faiz artdığı vurğulanır. Əvvəlki ilə nəzərən informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artaraq 53 milyard 688,6 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına görə, 2018-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 564,2 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,4 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il dekabrın 1-nə 8 milyard 73,5 milyon manat göstərilir.