11:56, 26 Mart 2019 (Çərşənbə axşamı) 281

Yeni Zelandiyada məscidlərə hücumla bağlı istintaq başlayıb

Yeni Zelandiyada məscidlərə hücumla bağlı istintaq başlayıb


/ DÜNYA
Yeni Zelandiyanın baş naziri Casinda Ardern bazar ertəsi Kraystçörçdəki məscidlərdə 50 adamın öldüyü hücumla bağlı istintaqın başladığını açıqlayıb.

İstintaq Yeni Zelandiyada kral komissiyası tərəfindən aparılır. Komissiya yalnız baş verən hadisəni deyil, həm də gələcəkdə baş verə biləcək bu cür hadisələrin qarşısını almaq məqsədi daşıyır.

"Terror hadisəsinin nə cür baş verdiyini hər detalına qədər araşdırmaq lazımdır. Bu kimi hadisələrin qarşısını ala bilməyi öyrənməliyik", Yeni Zellandiyanın baş naziri Casinda Ardern deyib.

Onun sözlərinə görə, müstəqil araşdırma hücum edən şəxsi, onun əvvəlki fəaliyyətini, yarı-avtomat silaha sahib olmasını, sosial şəbəkələrdə aktivliyini və hücumdan əvvəl polisin və təhlükəsizlik işçilərinin işini təhqiq edəcək.

Baş nazir təhqiqatların nə zaman sona çatacağını deməyib. O, ictimaiyyətin ondan cavab gözlədiyini bildiyini söyləyib. Lakin baş nazir istinataqın düzgün aparılması üçün vaxta gərək olduğunu deyib.

Ötən həftə Ardern Yeni Zelandiyada bütün yarı-avtomat və avtomat tüfənglərə qadağa qoyub. Onun sözlərinə görə, silahlanmaya nəzarət qanunvericiliyi ilə bağlı işlər, lisenziyalaşdırma və ya silah qeydiyyatı ilə bağlı mümkün tədbirlər bazar ertəsi davam edəcək.

Amerikanın Səsi