13:10, 05 İyun 2019 (Çərşənbə) 148

“Yezidlər” məni su ilə imtahana çəkirlər"

“Yezidlər” məni su ilə imtahana çəkirlər
"Mən gənc fermer kimi pambıq əkmişəm. Amma rüşvət vermədiyim üçün "yezidlər” məni su ilə imtahana çəkirlər. Su vermirlər, məhsulumu yandırırlar”.

Tərtər rayonunun Köçərli kənd sakini Hikmət Şirin Toplum.Tv-yə belə deyir. 

Onun sözlərinə görə Tərtər rayonunda subartezan quyularının qazılması üçün sakinlərdən qeyri-qanuni şəkildə pul tələb edilir: "Prezident kənd təsərrüfatının inkişafı üçün dövlət büdcəsindən və ya özünün ehtiyat fondundan vəsait ayırır. Artezan quyularının qazılması tapşırılır. Amma Tərtər Rayon Subartezan Quyularının İstismarı İdarəsinin rəhbərliyi  bir artezan quyusunun qazılıb istismara verilməsi üçün fermerlərdən 12-15 min manat pul tələb edir. Halbuki, bu quyular dövlət hesabına qazılıb istifadəyə verilməlidir”.

Fermer deyir ki, bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəliyinə məlumat versə də, heç bir xeyri yoxdur: "Rüşvəti elə yerli icra nümayəndəliyinin əli ilə yığırlar. Köçərli kənd icra nümayəndəsinin müavini Cavanşir Məmmədov  mənə açıq şəkildə dedi ki, filan qədər pul vermişəm, sən isə verməmisən. Ona görə də sənə su vermirik. Mən ona izah etməyə çalışdım ki, siz o pulu rüşvət vermisiz. O quyular dövlət büdcəsindən ayrılan vəsait hesabına  qazılıb. Cavabında mənə dedi ki, get onu yuxarılara de”.

Hikmət Şirinin sözlərinə görə suvarma növbəsinə onun adını daxil etməyiblər.

"Yay aylarında bizim kənddə pambıq tarlalarının suvarılması üçün növbələr yazılır. Məsələn, hər hektara 15-18 saat su növbəsi verilir. Bu növbəni icra nümayəndəliyi yazır. Onlar da həmin növbəyə mənim adımı salmayıblar. Səbəb kimi də onu göstərirlər ki , sən Tərtər Suartezan Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyevə pul verməmisən”, - Hikmət Şirin deyir.

Köçərli kəndinin icra nümayəndəsi Mübariz Yusubov isə Toplum Tv-yə deyib ki, heç kim Hikmət Şirindən qanunsuz pul tələb etməyib: "Dövlət heç kimə pulsuz su vermir. Yəni işığın pulunu dövlət, suyun pulunu isə istifadəçi ödəyir. Ayda hər kəs kubmetrə görə 30 manat ödəyir. Ondan başqa heç bir puldan söz gedə bilməz. Su növbəsinə isə icra nümayəndəliyi baxmır. Hər artezan bir vətəndaşa tapşırılıb. Hikmət Şirindən heç kim qanunsuz pul tələb etməyib. Amma indi ki şər atır, bundan sonra mən şəxsən ona su verməyəcəyəm”.

İcra nümayəndəsinin müavini Cahangir Məmmədov da Hikmət Şirinin sözlərini yalanlayıb: "Heç kimdən qanunsuz pul alınmır. O adam heç bilmir nə danışır. Camaat bir dəfə suvaranda, o, üç dəfə suvarmaq istəyir. İnsanlardan ancaq su haqqı alınır. Başqa heç bir puldan söz gedə bilməz. O adamın da mən bilən suvarma üçün növbəsi də var, sahəsini sulayacaq. O, nə deyirsə, yalan deyir”.

Lalə Tağızadə