20:28, 08 Avqust 2018 (Çərşənbə) 344

"Yüksəkliyə uyğunlaşma ilə bağlı insanlarda problem var

8 avqust Beynəlxalq Dağçılar Günüdür. Alpinizm son illərdə populyar olan idman növlərindən biridir.  

Xatırladaq ki, ötən ilin son günlərində alpinist Babur Hüseynov, Fəridə Cəbrayılzadə və Namin Bünyatzadə itkin düşmüşdü. Bu hadisədən sonra alpinistlərin təhlükəsizliyinin qorunması üçün tədbirlərin alınıb alınmadığını öyrənmək üçün alpinistlərdən birindən müsahibə aldıq.    

Müsahibimiz Babək Orabanlı (İsgəndərov)  2011-ci ildə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində "Dağçılıq Məktəbi”ni bitirib. 

2012-ci ildə Buzadırmanma və  İdman dırmanması hakimlik kursunu, 2013-cü ildə Yüksək zirvələrə dağ -bələdçisi kursunu bitirib. 2014-cü ildən Federasiyanın "Dağçılıq Məktəbi”in təlim-tədris bölməsinin rəhbəri təyin olunub. 2012-ci ildə yarışlarda hakimlik və dağçılıq təlimçisi kimi fəaliyyət göstərir. Türkiyə Dağçılık Federasiyasının Dağçılıq kurslarında təhsil alıb. Hazırda bu sahədə fəaliyyiətini davam etdirir.

- Babək bəy, yeni biri dağçılıqla məşğul olmaq istəyirsə, bu proses necə gedir?

- Əgər bir insan dağçılıqla, dırmanma ilə, ekstremal idmanla məşğul olmaq istəyirsə, Azərbaycan hava və ekstremal idman növləri federasiyasına müraciət etməlidir. Federasiyaya müraciət zamanı  bəzi sənədlər lazım olur. Şəxsiyyət vəsiqəsi, tibbi arayış, 3x4 ölçülü fotoşəkil. Federasyanın ofisində təhlükəsizliklə bağlı anket doldurulmalıdır.

-  Zirvəyə yürüş zamanı federasiyadan icazə alırsınız.Bəs Federasiya icazə verərkən sizin təhlükəsiziyinizdən əmin olacaq bir tədbirlər görürmü? Və ya bu barədə məlumat tələb edirmi?

-Dağçılıq məktəbimiz var. Özüm gedəcək adamları öncədən qalxılacaq zirvəyə görə hazırlayıram. Yüksəkliyə uyğunlaşma ilə bağlı insanlarda problem var. Bizim yaşadığımız ərazi yəni Bakı mənfidədir, dəniz səviyyəsindən aşağıdır. Bakıdan Bazardüzünə gedəndə insanlarda problemlər olur. Ona görə biz insanları bir ay öncədən həm fiziki, həm də psixoloji cəhətdən hazırlayırıq. Hansı idmançının gedib getməyəcəyinə məşqçi qərar verir.

- Bu qış Alpinistlər itmişdi və cəsədləri çox gec tapıldı. Bu hadisədən sonra hansısa tədbirlər görüldü?

- Ümümiyyətlə, o itməklə bağlı məsələ deyil. Ərazi bəllidir, hansı əraziyə gediləcəksə, o ərazi üçün icazə alınır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Çünki bir çox parklar və ya qoruqlara nəzarət Ekologiya nazirliyinin nəzarətindədir, nazirlik icazə verdikdən sonra Dövlət Sərhəd Xidmətinə müraciət ediblər. Bir çox dağlar Rusiya ilə sərhəd təşkil etdiyi üçün.

- Bayaq icazənin fedarasiyadan aldığınızı dediniz. Indi isə adını çəkdiyiniz nazirliklərdən alınır dediniz. Bu icazələrin hansı qurumdan alınması nəyə əsasən dəyişir?

- Klub əgər özü hazırdırsa, birbaşa gedə bilərsə, icazə federasiyadan alınır. Bizim illik planımız var. Əvvəldən bilinir ki, avqust ayında Bazardüzünə səfərimiz olacaq. Hansı idmançı istəsə, müraciət edir və biz onu əvvəldən hazırlayırıq. Hazırlıq zamanı idmançının daha əvvəl iştirak etdiyi yürüşlər və hündürlüklər nəzərə alınır.

- Təhlükəsizliyiniz üçün üzərinizə hər hansı bir cihaz yerləşdirilir?

- İnsanlarda yanlış bir məlumat var ki, o olmalıdır, bu olmalıdır. Elə bir cihaz var ki, qar altında siqnal verir. Bu cihaz daha çox dünyada xizəkçilərə taxılır. Amma alpinistlər də istifadə edirlər. Azərbaycanda isə hal hazırda bundan istifadə olunmur. Bizim bütün ləvazimatlarımız şəxsi ləvazimatlardır. Şəxsi olaraq özümüz alırıq.

- Bəs bu cihazlarla təmin olunmanız üçün harasa müraciət etmisiniz?

- Belə müraciət etməmişik. Sadəcə, aidiyyatı orqanlar hansı ərazidə olduğumuzu bilirlər və lazım olduğu halda axtarışlar o ərazidə aparılır.

Əminə Məmmədova
ToplumTV