13:01, 15 Fevral 2019 (Cümə) 461

Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib

Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib
Sosial Tədqiqatlar Mərkəzinin (STM) bir nömrəli vəzifəsi istər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaqdır.

Bu barədə STM-nin sədri, deputat Zahid Oruc müraciətində deyilir.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib.

"Hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

Prezident İlham Əliyev fevralın 8-də Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Deputat Zahid Oruc fevralın 11-də mərkəzin İdarə Heyətinin sədri təyin olunub.