16:53, 16 İyul 2019 (Çərşənbə axşamı) 145

"Zelenski təklif etdi, amma Putin bəyənmədi"



/ DÜNYA
"Putin söyüş qalmaqalından sonra Gürcüstanla münasibətləri istiləşdirməyi qərara alıb”.

Bu sözləri siyasi şərhçi Şahin Cəfərli öz feysbuk səhifəsində yazıb.

Ekspertin fikrincə, Rusiya yeni sanksiyalardan əl çəkib. Hazırda Tbilisiyə təyyarə reyslərinin bərpası və gürcü vətəndaşlarına viza rejiminin ləğvinin müzakirə edildiyini deyib.
 
 
Şahin Cəfərli 

 "Rusiya "asacaq", "kəsəcək", "Gürcüstan artıq bitdi" gözləntiləri növbəti dəfə özünü doğrultmadı. Çünki Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını, son illər Gürcüstan üzərində əldə etməyə başladığı təsir imkanlarını tamamilə itirəcəyini, əlaqələri qoparmağın Gürcüstanın Ukrayna ilə bərabər Rusiya sərhədlərində, Qara dənizdə Amerikanın bastionuna çevrilməsi prosesini daha da sürətləndirəcəyini və bu seçimin alternativsiz hala gələcəyini anladı”, - şərhçi yazır.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə fərqli düşünür. 

O, Toplum Tv-yə açıqlamasında bildirib ki, əslində heç bir yumşalma siyasətindən söhbət gedə bilməz: "Sadəcə Rusiya öz siyasətini yeridir. Ukrayna məsələsində də Putin görüşə yox deməyib. Sadəcə rəsmi Moskva təklifi Ukraynanın prezidenti Zelenskidən gözləyirdi. Zelenski təklif etdi, amma Putin təklifi bəyənmədi. Zelenskinin təklif etdiyi görüşdə ABŞ prezidenti, Böyük Britanyanın Baş naziri, Almanyanın kansleri iştirak etməli idi. Ruslar etiraz etdilər ki, Amerikanın bu işə dəxli yoxdur, Britanyanın Baş naziri isə artıq istefa verib”. 
 
Elxan Şahinoğlu 

Siyasi şərhçi hesab edir ki, Gürcüstanla əlaqələrin pisləşməsi Rusiyaya sərf etmir. Çünki Ukrayna ilə Gürcüstanın Qara dənizin qapısını NATO-ya açacağını bilir: "Rusiya Ukrayna və Gürcüstanı öz təsiri altında saxlamaq üçün yumşalma kimi görünən bəzi addımlar atır. Putin istəyir ki, Ukranyada parlament seçkilərində rusiyapərəst qüvvələr daha çox seçilsin. Gürcüstanda da həmçinin, Nino Burcanadzeni hakimiyyətə gətirməyə çalışacaq”.

Əbülfət Baxşəli