Postsovet ölkələri - Ukrayna və Ermənistanda hakimiyyətin dəyişməsi ilə baş verən proseslər davam edir.
Ermənsitanda məhkəmənin Köçəryanı azadlığa buraxması barədə qərarından sonra Baş nazir Nikol Paşinyan xalqı yenidən küçələrə çağırıb.
20 maydan küçələrə toplaşan Yerevan əhalisi məhkəmələrə giriş və çıxışı bağlayıb. Paşinyan bununla "İnqilabın ikinci mərhələsi”ni elan etməyə hazırlaşır.
Ukrayna da isə hadisələr daha sakit baş verir. Yeni seçilən prezident Vladimir Zelenskinin andiçmədən sonra ilk işi Ali Radanı buraxmaq oldu. 21 mayda isə prezident qapılarını açan Zelinski, bundan sonra bu qapıların xalqın üzünə açıq olması tapşırığını verib.
Respuplikaçı Alternativ Partiyasının (ReAl) Məclis sədri, politoloq Azər Qasımlı bu ölkələrdə baş verən prosesləri və bunun Azərbaycana necə təsir edəcəyi barədə Toplum Tv-yə müsahibə verib:
- Ukrayna və Ermənistanda baş verən hadisələri necə xarakterizə edərdiniz?
- Ukrayna və Ermənistanda baş verən hadisələr fərqlidir. Ermənistanda gedən proseslərin başqa, Ukraynadakı proseslərin isə bir başqa özəlliyi var. Sözsüz ki, hər ikisini birləşdirəcək məqamlarda var. Məqamlar ondan ibarətdir ki, Ermənistan Avropa Birliyi ilə saziş imzalayıb. Ukrayna isə daha əvvəl assosiativ saziş imzalanmışdı. Təbii ki, Ermənistan bu məsələdə Ukraynadan çox geridə qalır. Hər bir halda Rusiyanın Ermənistana təsir imkanları var. Ukranyanın isə Rusiya ilə fərqli problemələri var. Ukranya Krımı işğal edib. Donbas bölgəsi işğal altındadır. Amma bütün bunlara baxmayaraq, Avropaya inteqrasiya məsələsi onların gündəmindədir. Hər iki ölkədə demokratikləşmə prosesi baş verir. Amma hər iki ölkədə demokratiya çox gəncdir, hələ bərkiməyib, təsisatlar və insitutlar hələ oturuşmayıb. Hər iki ölkə parlamentar respublikaya keçidi yaşayır. Hər iki ölkədə yeni sistemlərin işlək olub-olmamasının testi gedir. Ümumi götürəndə hər iki ölkədəki hadisələri birləşdirəcək məqamlar bundan ibarətdir.
- Rusiyanın bu proseslərdə Ermənistana necə təsir edə bilər?
- Ermənistan biləvasitə Rusiyanın nəzarəti altındadır. Ermənistada yeni hakimiyyətə gələn siyasi qüvvənin Rusiyadan ayrılma və özbaşına hərəkət etmə imkanları çox məhduddur. Qarabağ klanıda orada güclüdür. Bu gücün arxasında, yəqin ki, Rusiya dayanır. Prosesləri yönəldən və inkişaf etdirən məhz Rusiyadır. Paşinyan da bunu çox gözəl anlayır. Ermənistan demokratiyası bu baxımdan çox həssas dönəmini yaşayır, çünki Qarabağ problemi var. Onlar çox gözəl anlayır ki, Rusiya bu məsələdə Qarabağ kartını öz əlinə ala bilər. 2016-cı ildə necə ki aprel döyüşlərində Azərbaycan irəli getdi və torpaqlarımızın bir hissəsini geri qaytardı. Eyni kartı yenə oynaya bilər, təbii ki, bu, müvəqqəti olacaq. Yəni Rusiya bu kartdan Ermənistanı, bu ölkədəki mövcud yeni hakimiyyəti yerinə otuzdurmaq və yaxud tam əksinə, hakimiyyətdən götürmək üçün istifadə edə bilər. Uzun illərdir ki, Rusiya bu kartı istədiyi zaman Azərbaycana, istədiyi zaman da Ermənistana qarşı yönəldir. Yeri gəlmişkən, Ermənistanda baş verən inqilab, Paşinyanın hakimiyyətə gəlməsi Ermənistan cəmiyyətinin 2016-cı il aprel döyüşlərindəki mövqeyi Rusiyanın proseslərə müdaxilə etməsinə reaksiya idi. Yəni rahat şəkildə deyə bilərik ki, Ermənistandakı inqilabda günahkar Rusiyadır. Bunu istəməsə belə, öz hərəkəti ilə buna şərait yaratdı. Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətinin düşüncəsində ciddi bir dəyişiklik oldu ki, Rusiya bizimlə də oynayır.
- Bəs Ukraynadakı hadisələrdə Rusiyanın təsir imkanları necə idi?
- Ukrayna Rusiyadan, demək olar ki, tamamilə qopub. Artıq Ukraynanın da Gürcüstan kimi geriyə yolu qalmayıb. Açığını desəm, Rusiyanın bu məsələdə böyük səhvi var idi. Bu, Rusiyanın özü üçün səhv idi. Vaxtilə Abxaziya və Osetiyanın müstəqilliyini tanıyan Rusiya çox böyük yanlışa yol verdi, yəni Gürcüstana təzyiq imkanını öz əli ilə yox etdi. Bundan sonra Gürcüstan Rusiya ilə necə yaxınlaşa bilər? Bu artıq mümkün deyil. Gərək Rusiya, Abxaziya və Osetiyanı tanımağını geri götürsün. Eyni səhvi Rusiya yenə təkrarladı. Krımı işğal etməklə elə bir şərait yarandı ki, həm Krımı Ukraynaya verə bilmir, digər tərəfdən də Krımı qaytarmadan Ukrayna ilə münasibətlərini normallaşdıra bilmir. Sadəcə, Rusiya qərar verdi ki, Ukrayna Avropaya tərəf gedirsə, heç olmasa bundan nəsə qoparaq. Sonra onları inkişaf etməyə imkan verməyək. Bu, Krımdan çox Donbas bölgəsinə aiddir.
- Sizcə, Zelinskinin dönəmində Qərblə əlaqələrdə hansısa dəyişikliklər ola bilər?
- Zelinskinin təcrübəsi azdır və siyasətçi deyil. Ukraynada cəmiyyətin reaksiyası sadəcə o idi ki, daha əvvəl ki siyasətçilərə inam qalmamışdı. Buna görə də Zelinski kimi siyasətdən anlamayan, tamamilə başqa bir sahədən olan bir adamı prezident seçdilər. Amma prezident kimi necə olacaq, onu bilmək çətindir. Açığı deyim mən müsbət bir şey gözləmirəm. Zelinskinin Ukrayna iqtisadiyyatı və digər sahələrdə islahatlar edib, sistemi tamamilə transformasiya edəcəyi inandırıcı görünmür. Yəni onun ciddi dəyişikliklər edəcəyinə inanmıram. Onun arxasında siyasi qüvvənin durmaması əsas səbəblərdir.
- Ukraynada baş verənlərin Azərbaycana təsiri barədə nə deyə bilərsiniz?
- Ukraynanın bilavasitə Azərbaycana heç bir təsiri yoxdur. Ukraynada cazibəli bir siyasi model hələ ki qurulmayıb. Sadəcə, Ukraynada dəyişiklik müvəffəqiyyətlə bitsə, bizə təsiri ola bilər. Amma hələ ki biz bunu görmürük. Təəssüf ki, Krım və Donbas əldən getdi, korrupsiya ilə bağlı ciddi problemlər var, iqtisadiyyatı tam qaldıra bilməyiblər, sosial problemlər mövcuddur. Yəni cazibəli bir model qura bilməyiblər ki, Azərbaycan cəmiyyəti də örnək götürsün. Baxıb desin ki, gedək bizdə inqilab edək və dəyişikliklərə imzamızı ataq. Rusiya da bunu çox gözəl anlayır və əlindən gələn hər şeyi edir ki, postsovet məkanında cazibəli model olmasın. Məsələn, Saakaşvili dönəmində Gürcüstanda model cazibəli idi, hansı ki Abxaziya və Osetiyanı qaytarma planına, yəni avqust döyüşlərinə qədər... Rusiya bu cazibəni dağıtmaq üçün hər şeyi etdi. Müəyyən mənada da alındı. Çünki bu gün belə Azərbaycan insanı düşünür ki, Avropaya doğru getsək, bizi də eyni aqibət gözləyir. Təbii ki, Qarabağla bağlı. Bu da Gürcüstan nümunəsidir.
- Bəs Ermənistandakı proseslərin...
- Ukraynadan fərqli olaraq Ermənistanda gedən proseslər bizə bilavasitə təsir edir. Qarabağı işğal etməklə Ermənistan həm öz inkişafları, həm də bizim üçün müəyyən mənada problem yaradıb. Əgər Ermənistan demokratikləşəcəksə, Qərblə daha yaxşı münasibətləri ola bilər. Qərblə daha yaxşı münasibətləri olacaqsa, Rusiya ilə münasibətləri pis olacaq. Həm Rusiya, həm də Qərblə eyni vaxtda münasibətlərin yaxşı olması mümkün deyil. Paşinyan guya bunun ortasında qalmaq istəyir, amma alınmayacaq. Qərbə doğru gedirsə, demokratikləşmək istəyirsə, Qarabağ klanını darmadağın etməlidir. Qarabağ klanı da bilavasitə Rusiya ilə bağlıdır. Deməli, demokratikləşmək üçün Rusiyadan ayrılmalıdır. Bu məsələ bizə də aiddir. Çünki sistem dəyişməsə, Avropaya inteqrasiya geciksə, gələcəkdə Azərbaycan rəhbərliyində kim olacaqsa, yəni Əliyev və ya tutaq ki, ReAl olacaqsa, yenə də eyni problem olacaq. Yəni biz ikimizdə Rusiyadan asılı vəziyyətdəyik.
- Azərbaycan Avropaya inteqrasiya məsələsində niyə geridə qalır?
- Çünki bizim hökumət antidemokratik, antiinsanidir. Problem birincisi ondadır ki, bizim hakimiyyətə demokratiya filan lazım deyil, çünki demokratiya azad seçkilər, çoxpartiyalılıq, növbəti seçkidə hakimiyyəti itirmək deməkdir. Amma bunlar ailə hakimiyyəti qurublar. Hakimiyyəti nəinki itirmək, heç kəsə vermək istəmirlər. Yəni Azərbaycan hökumətinin təbiəti antidemokratikdir. İkincisi də, çox gözəl anlayır ki, ölkə Avropaya doğru inteqrasiya etsə, Rusiya ilə problemlər başlayacaq. Bu bölgələr Rusiyanın tam sərhədi olduğu üçün Moskva da Avropya inteqrasiya etməyimizi istəmir.
Digər tərəfdən, ətrafımız hazırda qeyri-demokratikdir. Onsuz da İlham Əliyevin hakimiyyətinin bu qədər irəli getməsinin səbəbi bu geopolitika ilə bağlıdır. Həmçinin də bəxt məsələsidir. Dünya bazarında neftin qiymətinin 100 dollara qalxması və bölgənin tamamilə antidemokratikləşməsi buna imkan verdi. Türkiyə demokratik olan vaxtlar, yəni 90-cı illərdə istənilən türk baş nazir Azərbaycana gələndə hökumətlə yanaşı, müxalifətlə də görüşürdü. Amma indi Türkiyə səfirliyi "iti görüm, qurdu görüm, amma muxalifəti görməyim” deyir. Çünki onlarında təbiəti antidemokratikdir. Bütün bu məsələlərdə İlham Əliyevin tam bəxti gətirib. Təbii ki, Putinin uzun müddət hakimiyyətdə qalması da bunlara kömək etdi. Putinin Suriya, Liviya və Venesuelada antidemokratik rejimlərə dəstək verməsi də buna misaldır. Təbii ki, Azərbaycandakı antidemokratik rejimə iki əlli dəstək verəcək, çünki Azərbaycan düz qapının ağzındadır.
Uğur Fərzəli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.