12:03, 08 Mart 2019 (Cümə) 487

Zəlzələyə görə əlavə 11 milyon manat ayrılıb

Zəlzələyə görə əlavə 11 milyon manat ayrılıb
Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncam imzalayıb.

11 milyon manatın ayrılması nəzərdə tutulan sərəncam martın 7-də imzalanıb. Həmin vəsaitin 5 milyon manatı Fövqəladə Hallar Nazirliyinə, qalanı isə hər birinə 2 milyon manat olmaqla Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinə verilir.

Prezident bu il fevralın 6-da isə həmin məqsədlə ilkin olaraq Fövqəladə Hallar Nazirliyinə 2 milyon manat ayırmışdı.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna gediblər.

İ.Əliyev və M.Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələrə tikilən yeni evlərlə tanış olublar.

AZƏRTAC-ın xəbərinə görə, onlar Şamaxı şəhərinin Salman Mümtaz, Teymur Əliyarbəyov və Səttar Bəhlulzadə küçəsində tikilən yeni evlərdə yaradılan şəraitə baxıblar, ev sahibləri ilə söhbətlər aparıblar.

Daha sonra isə prezident və xanımı Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələrdən ötrü şəhərin 20 Yanvar küçəsində tikiləcək dördmərtəbəli, 44-mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Dünən, martın 6-də isə prezident İ.Əliyev Şamaxı ilə qonşu Ağsu rayonuna səfər etmişdi.

Martın 6-də prezident İlham Əliyev Ağsu rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub .

Fevralın 5-də və 6-da Azərbaycanda baş verən yeraltı təkanlar nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi evin qəzalı vəziyyətə düşdüyü, sosial və infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilir.

Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub.

Orada fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentə zəlzələ zonasında görülən işlər barədə məlumat verib.

O, bildirib ki, yaradılan komissiyalar əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirib:

"Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111 , Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanıb”

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra dövlət başçısı İlham Əliyev bəzi rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. Dövlət başçısı Ağsu sakinlərinin müxtəlif şikayətlərlə bağlı ərizələrini qəbul edib.

Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar fevralın 6-da da davam edib. Onun episentri İsmayıllı rayonu olub.

Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi. Zəlzələdən sonra prezident İlham Əliyev Şamaxı rayonuna səfər etmişdi.

Prezident, eyni zamanda, fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.