15:41, 03 Oktyabr 2019 (Cümə axşamı) 2003

Zərdüşt Əlizadə: "Lavrov olanı deyib"

Zərdüşt Əlizadə:
Xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Məmmədyarov BMT-dəkı çıxışında bildirmişdi ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz: "Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir". 

Nazirin "danışıqlar sonsuzadək davam edə bilməz" fikrini bölgədə yeni müharibə anonsu kimi şərh edənlər də olub. 

Bundan bir neçə gün sonra isə Lavrov açıqlama verərək, Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı təhlükə görmədiyini bildirib: "Qarabağda hərbi əməliyyatların keçirilmə təhlükəsi yoxdur".

Bəs Rusiya rəsmisinin bu açıqlaması Məmmədyarova cavabdırmı? 

Politoloq Zərdüşt Əlizadə Toplum.tv-yə bildirib ki, Qarabağda hərbi əməliyyatlar Moskvanın icazəsi ilə həyata keçirilir: "Moskva qərar verib ki, Qarabağda bu yaxınlarda hərbi əməliyyatlar olmayacaq. Sergey Lavrov da olanı deyib. Yəni Rusiyanın razılığı olmadan heç bir əməliyyatdan, müharibədən söhbət gedə bilməz”. 

Elmar Məmmədyarovun çıxışına gəlincə, politoloq bildirib ki, onun fikirləri ciddi qəbul olunmamalıdır: "Onun sözlərinə fikir verməyin. Bütün çıxışlarına baxsanız, danışdıqlarının reallıqla 70-80 faiz əlaqəsi olmadığını görərsiniz”.

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Lavrovun bu bəyanatı hər iki tərəfə mesajdır ki, atəşkəs pozulmasın, güc tətbiq olunmasın: "Lakin inanmıram ki, bu mesajlar qəbul edilsin. Çünki bizim maraqlara da sərf etmir, danışıqlar heç bir nəticə vermir. Ermənistan tərəfi heç bir addım atmır. Biz hərbi tətbiqi artırmışıq və artıracağıq. Bunu Aprel savaşları da, Naxçıvan və Qazax əməliyyatları da göstərdi. Düşünürəm ki, bu, xəbərdarlıqdır. Amma əhəmiyyət vermək lazım deyil. Çünki biz öz torpaqlarımızı azad etməyə çalışırıq. Hətta Rusiya olsa belə, kimsə bu məsələdə bizim qarşımızı ala bilməz. Doğrudur, biz danışıqları davam etdiririk, amma heç bir nəticə vermir”.

"Lavrov mətbuat konfransında Paşinyanın "Qarabağ Ermənistanındır” sözlərinin də danışıqlara maneə törədiyini demişdi. Əgər Paşinyanın bu sözləri danışıqlara maneə törədirsə, biz danışıqları necə davam etdirə bilərik?”, - ekspert deyib. 

Onun sözlərinə görə, Elmar Məmmədyarovun Nyu-Yorkda Ermənistan xarici işlər naziri ilə görüşünə ehtiyac yox idi: "Həmin görüşdən bir gün öncə hərbiçimiz də şəhid olmuşdu. Həmçinin danışıqlarda heç bir irəliləyiş olmadı. Ermənistan tərəfi danışıqları daha da qəlizləşdirdi. Belə məqamda Elmar Məmmədyarov dediyini reallaşdırmalıdır. Danışıqlar nəticə vermirsə, imitasiya xatirinə bu görüşlərdə iştirak etmək bizə zərərdir".

Zərifə Novruz