Araşdırma

Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində

15 İyul, 2022
3999

Ölkədə əksər təhsil qurumlarının mühafizə xidmətləri üzrə keçirilən tenderlərdə “GESCO” ASC qalib gəlib.

“GESCO” təkcə 2022-ci ildə ümumi dəyəri 4 milyon 201 min manat civarında  olan 29 müqavilənin 27-ni təhsil müəssisələri ilə bağlayıb. Bura universitetlər, orta ixtisas və peşə liseyləri, digər təhsil müəssisələri  daxildir.

Məsələn, Bakı Dövlət Universitetinin (BDU)  bu il elan etdiyi 536 min 664 manatlıq müsabiqədə sözügedən şirkət qalib gəlib. “GESCO” Bakı Dövlət Universitetinin balansında (istifadəsində) olan  tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsini həyata keçirir.

Maraq toqquşması

Dövlət reyestrində 2005-ci ildə qeydiyyatdan keçən  şirkətin qanuni təmsilçisi Cəlilov Anar Qafar oğlu göstərilsə də, sahibi İlham Nağıyevdir.

İ.Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevin oğludur.

O, “GESCO”nun həmtəsisçisi, 2010-2013-cü illərdə həm də baş direktoru olub. Bundan sonra o, dövlət qurumunda – Təhsil Nazirliyində işləməyə başlayıb.

2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili və mühafizəsi “GESCO” ASC-yə həvalə olunub.

Bu İ.Nağıyevin 2013-2016-cı illərdə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin rəhbəri olduğu vaxta təsadüf edir.

İlham Nağıyev - edu.gov.az

Təhsil Nazirliyinin cavabı yoxdur

Deməli, Nağıyevin öz şirkəti müdiri olduğu şöbənin elan etdiyi tenderdə qalib gəlib.  Elə 2013-2016-cı illərdə “GESCO” tərəfindən istər Təhsil Nazirliyi, istərsə də müxtəlif təhsil müəssisələri üçün göstərilmiş bütün digər xidmətlər Nağıyevin rəhbərlik illərinə təsadüf edir.

Ölkədə mühafizə xidməti kimi fəaliyyət göstərən onlarla şirkət var. Amma Təhsil Nazirliyi ilə davamlı əməkdaşlığı yalnız “GESCO” qura bilib.

E-tender portalına əsasən, “GESCO” ASC-nin 2017-ci ilin martından bu günə kimi qalib gəldiyi tenderlərin ümumi sayı 107 olub. Müqavilələrin ümumi dəyəri isə 14 milyon 570 min 829 manatdır. Bu müqavilələrin 94-ü təhsil müəssisələrinin mühafizəsi ilə bağlıdır ki, GESCO bu işlərdən 10 milyon manatdan artıq vəsait əldə edib.

Caption

Təhsil Nazirliyinə mövzu ilə bağlı göndərdiyimiz informasiya sorğusuna cavab gəlməyib. İki həftədən artıq gözləsək də, qurumdan “cavabımız olsa, verəcəyik”dən başqa reaksiya ala bilmədik.

Dəyişən Şəffaflıq meyarları

İlham Nağıyevin sahibi olduğu şirkətin işlədiyi dövlət qurumunun tenderlərini udması ilə bağlı mövqe bildirməkdə çətinlik çəkənsə təkcə Təhsil Nazirliyi deyil. Məsələn, keçmiş deputat, indi isə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə rəhbərlik edən Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda Maraqların Toqquşması haqqında qanun qəbul edilmədiyindən bu halda qanun pozuntusu yoxdur.

“Şikətlər müəyyən sahələrdə ixtisaslaşırlar. Həmin şirkətin bir çox tenderlərin qalibi olması isə bu sahədə peşəkarlaşması ilə bağlı ola bilər. Əsas məsələ odur ki, qanun pozuntusu olmasın və maraqlar toqquşması baş verməsin. Burada maraqlar toqquşmasını göstərən əlamət də yoxdur. Bu o zaman baş verir ki, hansısa şəxsin yaxın qohumu tender komissiyasında iştirak etmiş olsun. Bu baxımdan burada qanun pozuntusu görmürəm. Bütövlükdə tenderlərin şəffaflığına nəzarəti İqtisadiyyat Nazirliyinin müvafiq qurumu təmin edir. Bu qurumda sərt intizam var və son illər daha da gücləndirilir”.


Bununla belə, Ə.Nuriyev ayrı-ayrı qanunvericilik aktlarında maraqlar toqquşmasına dair müddəalar olduğunu da qeyd edir: “Dünya təcrübəsində maraqlar toqquşması ilə bağlı göstərilir ki, şəxsin işlədiyi qurumla müəyyən müddət öz arasında satınalmalar həyata keçirməsi qadağandır. Burada da müddət bir və ya iki il nəzərdə tutulur”.

Azərbaycanda Maraqların Toqquşması haqqında qanun 10 il əvvəl də yox idi. Amma o zaman “Bakıelektrikşəbəkə” ASC-nin direktoru Balababa Rzayevin bu qurumun tenderlərini ailə üzvlərinin şirkətlərinə qazandırması barədə araşdırma aparan Azadlıq Radiosuna şərh verən Əliməmməd Nuriyev qanun pozuntusunu müəyyən etməkdə çətinlik çəkməmişdi:

“Burda açıq-aşkar maraqlar toqquşması baş verib. Təəssüf ki, “Bakıelektrikşəbəkə” ilə yanaşı bir çox təşkilatlarda da dövlət satınalmaları ilə bağlı qanunun normaları pozulur. Tenderlərdə qohumlar iştirak edirsə, onda bərabər şəraitin yaradılmasından söhbət gedə bilməz. Beləliklə də, milyonlarla vəsait səmərəsiz surətdə dağıdılır. Ümumiyyətlə, qanuna görə, icra strukturunda çalışanlar biznes fəaliyyətilə məşğul ola bilməz. Amma bir tərəfdən “Bakıelektrikşəbəkə”nin səhmləri hamısı dövlətin səhmləridir, digər tərəfdən təsərrüfat hesablı çalışır. Bununla belə, o, biznes fəaliyyətini dayandırmalıdır”, - deyə o zaman Nuriyev bildirmişdi.

Qanun “olmaz” deyir

Maraqlar Toqquşması haqqında qanun layihəsi və Rəqabət Məcəlləsi uzun illərdir ki, Milli Məclisdə müzakirəsini və qəbulunu gözləyir. Amma Əliməmməd Nuriyevin on il əvvəl dediyi kimi, elə indi də işlədiyi dövlət qurumunun sifarişlərini öz şirkətinə qazandırmağı hüquqpozma kimi təsnifləndirən qanunlar var. Məsələn, Korrupsiya ilə Mübarizə haqqında qanunun 9-cu maddəsinin üçüncü bəndində yazılır ki, vəzifəli şəxslər kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər, və şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmələri qadağandır.

Dövlət satınalmaları haqqında qanunun 13-cü maddəsi isə maraqların ziddiyyəti problemlərini nizamlayır və bu qanuna görə, GESCO-nun  TN sifarişlərini qazanması nəinki İlham Nağıyevin nazirlikdə işlədiyi dövrdə, ondan sonrakı 3 il ərzində də qadağan idi.

Mənbəyi bilinməyən sifarişlər             

“GESCO” beynəlxalq tədbirlərdə də təhlükəsizliyi təmin edib.

Məsələn, Azərbaycanda keçirilən ən böyük idman tədbirlərindən biri - I Bakı Avropa Oyunlarında mühafizənin təşkili şirkətə tapşırılıb. Bundan başqa, “GESCO” 2021-ci ildə futbol üzrə Avro-2020 Avropa çempionatının fan paradı və dörd oyun zamanı da mühafizə xidməti göstərib.

Bu il aprelin 22-də Azərbaycan Kibertəhlüksizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində də təhlükəsizliyi sözügedən ASC təşkil edib. DTX rəhbəri Əli Nağıyevin də qatıldığı tədbirdə bir sıra dövlət rəsmiləri və nazirlər də iştirak edib.  

Əli Nağıyev - Sosial Media 

Ən son isə bu ilin may ayında keçirilmiş “Bakı marafonu – 2022” tədbirində də mühafizə xidmətlərini “GESCO” təmin edib.

Bu sifarişlərin yerinə yetirilməsini kim maliyyələşdirib və “GESCO” bu sifarişləri necə əldə edib sualları isə cavabsızdır.

Toplum TV həmin suallara cavab almaq üçün “GESCO” şirkətinə də müraciət edib. ASC açıqlama verməkdən imtina edib.

İndi isə “GESCO”-nun qazandığı dövlət sifarişlərinin uzun siyahısını təqdim edirik:

 

Şəkil vidjet


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

16 May 2023
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.     Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.     Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan...
Araşdırma

Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir 

22 Aprel 2023
Bura Haşımovlar ailəsinin Yasamal rayonunda yerləşən evidir. Ailə üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.  Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər:  “Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq,...

Seçilmiş Videolar

Toplum TV loqo