13:47, 09 Dekabr 2019 (Bazar ertəsi) 183

Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.