11:12, 24 Sentyabr 2020 (Cümə axşamı) 112

42731 nəfər tələbə adını qazanıb

42731 nəfər tələbə adını qazanıb
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul nəticələrini açıqlayıb. 

Bu barədə DİM-in "Facebook” səhifəsində məlumat verilib.  

Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edən 66464 nəfərdən 42731 nəfəri tələbə adını qazanıb.

"Tələbələrdən 20799 nəfəri dövlət sifarişi əsasında, 21932 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”-məlumatda deyilir.  

Qəbul nəticələrinə əsasən, ümumilikdə birinci ixtisas qrupu üzrə 13090, ikinci ixtisas qrupu üzrə 10641, üçüncü ixtisas qrupu üzrə 11945, dördüncü ixtisas qrupu üzrə 3506, beşinci ixtisas qrupu üzrə isə 3549 nəfər ali təhsil müəssisələrinə qəbul olub. 

Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar(Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə "iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.  

"Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı bu gün "Abituriyent” jurnalının 7-ci sayında dərc olunmaq üçün çapa veriləcək. Sentyabrın 25-dən etibarən abituriyentlər jurnalları əldə edə biləcəklər”- məlumatda qeyd olunur. 

DİM-in məlumatına əsasən, tələbə adını qazanmış şəxslər bu ilin sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.  

Təhsil müəssisələrinə qeydiyyatın onlayn formada keçiriləcəyi bildirilir.  

"Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı isə "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq” -məlumatda deyilir.  

Həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək aparılacaq.  

Şəbnəm Adil