15:16, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 115

95 şagirddə koronavirus aşkarlanıb

95 şagirddə koronavirus aşkarlanıb
Azərbaycan Təhsil Nazirliyinin açıqlamasında deyilir ki, dərs ili başlayandan ölkədə 95 şagird və 26 işçi heyətində koronavirus aşkarlanıb.. Məlumatda bildirilir ki, koronavirusa yoluxmuş şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyib. 

Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar. Sentyabrın 21-nə olan məlumata görə, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani tədris dayandırılıb, distant təhsilə keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi göstərilir. 

Bakıdakı ümumtəhsil məktəblərində isə müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinifdə distant təhsil tətbiq edilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma hallarına rast gəlinməyib. Açıqlamada qeydə alınmış yoluxmaların ailə daxilində baş verdiyi bildirilir. 

Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayıb. Pandemiyaya görə bu tədris ilində dərslərin həm əyani, həm də distant formada keçirilməsi nəzərdə tutulub. Bakı, Sumqayıt, Abşeron ərazisində dərslər həftədə 2 dəfə, bölgələrdə isə 3 dəfə əyani  tədris olunur. 

2020-2021-ci tədris ilinin əvvəlinə olan göstəricilərə əsasən, respublikanın ümumitəhsil müəssisələrində ümumilikdə 1 574 206 şagird ,məktəbəhazırlıq qruplarında isə121696 şagird təhsil alır. 

Vüsalə Mikayıl